Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Xəzər dənizinin hüquqi statusu ilə bağlı Türkmənistan və Azərbaycan arasında növbəti ikitərəfli görüş sentyabr ayında Bakıda keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında göstərilib.
Bu qərar iyulun 20-də Azərbaycan və Türkmənistan arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin statusu ilə bağlı Xələf Xələfov və Xoşgəldi Babayev arasında Aşqabadda keçirilən görüşdə qəbul olunub.
Xəzər dənizinin hüquqi statusu məsələsi SSRİ dağıldlqdan sonra ortaya çıxıb. 1991-ci ilə qədər bu məsələ sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında müqavilə ilə müəyyən olunmuşdu.
1998-ci ildə Qazaxıstan və Rusiya yeraltı sərvətlərdən istifadəyə suveren hüquqlar üçün Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi barədə razılaşma bağlayıblar. 2002 -ci ilin mayında isə bu Saziş üzrə protokol imzalanıb.
Analoji sənədi 29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstan və Azərbaycan imzalayıb.
Xəzəryanı dövlətlər 2003-cü ildə Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Roma konvensiyasını imzalayıblar.
14 may 2003-cü ildə Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında razılaşma imzalanıb.