...

MTN və Baş Prokurorluq azərbaycanlı jurnalisti 3500 ABŞ dolları alarkən yaxalayıb (video)

Siyasət Materials 1 Avqust 2007 18:10 (UTC +04:00)
MTN və Baş Prokurorluq azərbaycanlı jurnalisti 3500 ABŞ dolları alarkən yaxalayıb (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Bizim yol" qəzetinin redaktoru Müşfiq Hüseynov rüşvət alarkən Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun əməkdaşları tərəfindən həbs olunub. Bu barədə MTN və Baş Prokurorluğun çərşənbə günü birgə yaydıqları məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Əliyev Rizvan Bayramqulu oğlu "Bizim yol" qəzetinin redaktoru Hüseynov Müşfiq Tofiq oğlunun hüquqazidd hərəkətləri barədə MTN-ə müraciət edib. Müraciətdə Hüseynovun həmin nazirliyin vəzifəli şəxsləri haqqında rüsvayedici materiallara malik olduğunu bildirərək redaktoru olduğu qəzetdə həmin materialların dərc edilməməsindən ötrü 3500 ABŞ dolları məbləğində rüşvət tələb etməsi bildirilib.

"Bununla əlaqədar əməliyyat tədbiri hazırlanaraq Hüseynovun tələb etdiyi 3500 dollar məbləğində olan əskinaslar izləri xüsusi ultrabənövşəyi lampa ilə işıqlandırıldıqda görünən maddə ilə tozlanaraq seriya və nömrələri, eləcə də həmin pulların üzərinə xüsusi qələmlə "rüşvət" sözü qeyd olunmaqla hal şahidlərinin iştirakı ilə protokollaşdırılıb" - deyə məlumatda vurğulanıb.

MTN və Baş Prokurorluq bildirir ki, 24 iyul 2007-ci ildə saat 15.00 radələrində Hüseynov tələb etdiyi 3500 ABŞ dolları məbləğində rüşvəti əvvəlcədən razılaşaraq görüş təyin etdiyi Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında alarkən MTN və Baş Prokurorluğun əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbiri nəticəsində cinayət başında yaxalanıb: "Yaxalanan zaman Hüseynovun bir qədər əvvəl rüşvət qismində aldığı 3500 dollar məbləğində əskinasların əməliyyat tədbirləri keçirilməmişdən əvvəl hazırlanan, üzərində xüsusi tozun izləri olan və xüsusi qələmlə "rüşvət" sözü yazılmış həmin pulların olması müəyyən edilib. Həmçinin Hüseynovun əlində və əynindəki şalvarın üzərində də həmin tozun izləri aşkar olunub".

MTN və Baş Prokurorluğun birgə məlumatında daha sonra qeyd olunub ki, istintaq hərəkətləri ilə əlaqədar Hüseynovun evində aparılmış axtarış zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri bərəsində həqiqətəuyğun olmayan kompüter yazısının surəti və iş üzrə əhəmiyyət daşıyan əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı baş prokuror yanında Korrupsiyaya Qraşı Mübarizə İdarəsində başlamış cinayət işi üzrə Hüseynova Cinayət Məcəlləsinin rüşvət almağa görə məsuliyyəti nəzərdə tutan 311.1 maddəsi ilə ittiham elan edilirək, barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

"Bəzi KİV-lərdə guya Hüseynovun korrupsiya faktlarından yazdığı məqalələrə görə jurnalist fəaliyyəti ilə bağlı həbs olunması və bunun jurnalistlərin gözdən salınması kampaniyasına dair həqiqətdən uzaq informasiyaların dərc olunması həmkarlarının boş iddiasından başqa bir şey deyil" - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti