...

Xavyer Solana hesab edir ki, Kosovonun müstəqilliyi dünyanın separatçı rejimləri üçün nümunə ola bilməz

Siyasət Materials 2 Avqust 2007 16:11 (UTC +04:00)
Xavyer Solana hesab edir ki, Kosovonun müstəqilliyi dünyanın separatçı rejimləri üçün nümunə ola bilməz

Azərbaycan, Bakı / müx. Trend A.Qasımova/ Avropa Birliyinin xarici əlaqələr üzrə ali komissarı Xavyer Solana hesab edir ki, Kosovoya müstəqillik statusunun verilməsi dünyanın müxtəlif ölkələrində , o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda separatçı rejimlər üçün nümunə ola bilməz.

"Kosovo məsələsi elə bir məsələdir ki, digər regionların vəziyyətləri ilə müqayisə oluna bilməz" - deyə Solana Trend ə eksklüziv müsahibəsində bildirib.

"Yuqoslav zorakılığının tarixi mühiti hələ də mövcuddur, həmçinin 1999-cu ilə qədər Kosovoda geniş miqyaslı zorakılıq və repressiyalar baş verib" - deyə AB-in ali komissarı bildirib.

"Burada unikal bir vəziyyət mövcuddur, BMT-nin 1244 nömrəli qətnaməsi ilə beynəlxalq idarəetmənin müddəti uzadılıb və 1999-cu ildən Kosovo UNMİC (BMT-nin Kosovodakı missiyası) tərəfindən idarə olunub. Bu vəziyyət həmçinin Rusiyanın daxil olduğu Əlaqələndirici Qrup tərəfindən də tanınıb" - deyə ali komissar qeyd edib. Solana təəssüf etdiyini bildirib ki, Kosovo problemi ilə bağlı sülh razılığı hələ ki, BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində əldə olunmayıb.

"Mən fikirləşirəm ki, vəziyyətdən ən yaxşı çıxış yolu danışıqlara daha bir şansın verilməsidir. Bu, AB nazirlərinin iyulun 23-də keçirilən görüşdə gəldiyi prinsipdir" - deyə komissar bildirib.

Bununla yanaşı o qeyd edib ki, bu danışıqlar sonsuz ola bilməz və 120 gün ərzində məhdudlaşmalıdır.

"Mən Belqrada və Priştinə müraciət edərək xahiş edirəm ki, danışıqların son mərhələsinə fəal və konstruktiv şəkildə qoşulsunlar. AB prosesi irəli aparmaq və Kosovonun statusu ilə bağlı məsələnin müsbət həllini tapmaq istəyir. Biz Avropanın maraqlarının müdafiəsi, Balkanlarda sabitlik və Avropanın çiçəklənməsi məqsədilə bu məsələ ilə bağlı vahid bir fikrə gəlinməsinə təkid edirik" - deyə Solana bildirib.

Xəbər lenti

Xəbər lenti