...

"Azadlıq" blokunun həmtəsisçisi: "Azadlıq" bloku 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək"

Siyasət Materials 10 Avqust 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Azadlıq" bloku 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Bu barədə cümə günü Bakıda Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, "Azadlıq" blokunun həmtəsisçisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun prezident seçkilərində iştirak etməsi üçün indiki vəziyyətdə əsaslı dəyişiklik olmalıdır: "İlk növbədə seçki qanunvericiliyində əsaslı dəyişiklik edilməli, seçki komissiyaları iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə parallel əsasda formalaşdırılmalıdır. Əgər bunlar həyata keçirilməsə "Azadlıq" bloku seçkidə iştirak etməyəcək".

Əliyev qeyd edib ki, "Azadlıq" bloku belə bir mövqeyə gələndən sonra nə seçki qanunvericiliyi dəyişdirilməyib, nə də seçki komissiyalarının yenidən formalaşdırılması istiqamətində heç bir addım atılmayıb: "Ona görə də "Azadlıq" bloku seçkilərə qatılmamaq qərarını dəyişməyib".

Azərbaycanda növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, "Azadlıq" blokunda 3 müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal və Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti