...

YAP rəsmisi: "Hakim partiya Seçki Məcəlləsində əsaslı dəyişiklik edilməsinin əleyhinədir"

Siyasət Materials 13 Avqust 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Hazırda mövcud olan Seçki Məcəlləsi təkmil bir sənəddir. Çünki bu Məcəllə hazırlanarkən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun, Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri və Azərbaycanın özünün seçki təcrübəsi nəzərə alınıb. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

"Ən təkmil sənədə belə yenidən baxılması qanunauyğun haldır. Eyni zamanda, müəyyən dövrdə işləyən qanuna əlavə və dəyişikliklərin edilməsi zamanın tələbidir. Lakin Azərbaycanın Seçki Məcəlləsində əsaslı dəyişikliyə ehtiyac yoxdur" - deyə Qurbanlı əlavə edib.

Müxalifət partiyaları bəyan edirlər ki, Azərbaycanın seçki qanunvericiliyi dəyişdirilməyəcəyi təqdirdə 2008-ci ilin prezident seçkilərinə qatılmayacaqlar. Beynəlxalq təşkilatlar da seçki qanunvericiliyinin dəyişdirilməsini istəyirlər. Bununla bağlı Avropa təşkilatları ilə Azərbaycan hökuməti arasında danışıqlar davam edir. Növbəti danışıqlar sentyabrda keçiriləcək.

Qurbanlı vurğulayıb ki, hakim partiya prinsipial və konseptual baxımdan Seçki Məcəlləsinin əsas prinsiplərinin dəyişdirilmədən saxlanılmasını istəyir. Onun fikrincə, Seçki Məcəlləsi təkmil prinsiplər əsasında yaradılıb: "Sənəddə siyasi partiyaların və cəmiyyətdə olan siyasi qrupların maraqları qarşılıqlı şəkildə nəzərə alınıb. Seçki Məcəlləsinə əlavə və dəyişikliklər texniki xarakterli ola bilər".

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti