...

GUAM ölkələrinin müxalif partiyaları həmrəylik mitinqləri keçirəcəklər

Siyasət Materials 14 Avqust 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Sentyabrın 22-də GUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) bir qrup müxalif partiyaları həmrəylik mitinqləri keçirəcəklər. Bu barədə Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) və "Xalqın iradəsi naminə - GUAM" təşkilatının Koordinasiya Şurasının (KS) sədri İlqar Qasımov məlumat verib.

Qasımov qeyd edib ki, GUAM ölkələrinin hər birində eyni vaxtda kütləvi etiraz aksiyalarının keçirilməsi üzrə Təşkilat Komitələri yaradılıb.

Onun sözlərinə görə, həmrəylik mitinqləri Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın paytaxt mərkəzlərində keçiriləcək. "Təşkil edəcəyimiz həmrəylik mitinqlərinin məqsədi ölkə vətəndaşlarının hüquqlarını müdafiə etməyə hər zaman hazır olan siyasi qüvvənin mövcudluğunu sübut etməkdir".

GUAM-a üzv ölkələrin müxalif siyasi partiya və hərəkatlarının Koordinasiya Şurası (KŞ) 2006-cı il dekabrın 7-də Kiyevdə təsis olunub. KŞ-yə Ukraynanın Sosialist Tərəqqi, Gürcüstanın "Leyborist-Fəhlə", Moldovanın "Patriya-Vətən" Partiyalar İttifaqı daxildir.

Qurumun yaradılmasında əsas məqsəd GUAM ölkələri və xalqlarının yaxınlaşmasına, inteqrasiyaya, məkanda azad vətəndaş cəmiyyətinin inkişafına nail olmaq, iqtisadiyyat, mədəniyyət və siyasi sahələrdə dövlətlərarası əməkdaşlığın qurulmasına çalışmaq, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı yaranmış problemlərin həllinə lazımi diqqət yetirmək, habelə beynəlxalq əhəmiyyət kəsb edən problemlərin də aradan qaldırılması istiqamətində səylərini davam etdirməkdir. Qurum konsultativ (məsləhət) orqan kimi yaradılıb. Təşkilat partiyaların daxili işlərinə müdaxilə etmir, yalnız partiyalararsı əlaqələrin inkişafına önəm verir.

Xəbər lenti

Xəbər lenti