...

İran səfiri: Ermənistan Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir

Siyasət Materials 20 Avqust 2007 18:17 (UTC +04:00)
İran səfiri: Ermənistan Dağlıq Qarabağı işğal etməsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Ermənistan Dağlıq Qarabağı və ona bitişik olan ətraf əraziləri işğal etməsi nəticəsində Azərbaycana vurduğu ziyanı ödəməlidir. Bu barədə bazar ertəsi Bakıda İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zari bildirib.

Diplomat qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Tehranın bu mövqeyi dəyişməz qalır.

"Azərbaycan İranın qonşusu və müsəlman ölkəsi olaraq bizim üçün digər dövlətlərdən daha əhəmiyyətlidir", - deyə iranlı diplomat əlavə edib.

Həmidi Zari vurğulayıb ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin ən qısa zamanda geri qaytarılmasını və insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edir.

Səfir qeyd edib ki, işğalçı ölkə zəbt etdiyi yerdə öz maraqlarına cavab verən işləri həyata keçirir: "Lakin işğalçı öz niyyətlərini həyata keçirən zaman başqa insanların hüquqlarını əlindən aldığını, onları zülmə saldığını və blokadada yaşamağa məhkum etdiyini nəzərə almalıdır. Əks təqdirdə haqqında danışılan demokratiyanın məzmunu başqa mahiyyət daşıyar".

Həmidi Zari bildirib ki, əgər ona Dalğıq Qarabağa getmək təklif olunsa bundan imtina edər. Çünki həmin ərazilər işğal olunub və Azərbaycanın torpaqlarıdır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti