...

Azərbaycanın rəsmi müşahidəçisi: Qazaxıstanda keçirilmiş parlament seçkilərində nəticələrə təsir göstərəcək pozuntulara rast gəlmədik

Siyasət Materials 21 Avqust 2007 14:08 (UTC +04:00)
Azərbaycanın rəsmi müşahidəçisi: Qazaxıstanda keçirilmiş parlament seçkilərində nəticələrə təsir göstərəcək pozuntulara rast gəlmədik

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Qazaxıstanda keçirilmiş parlament seçkilərində nəticələrə təsir göstərəcək ciddi qanun pozuntuları müşahidə etməyib. Bu barədə çərşənbə axşamı Trend ə Qazaxıstandan telefon vasitəsilə nümayəndə heyətinin üzvü Rövzət Qasımov məlumat verib.

Bazar günü - avqustun 19-da Qazaxıstan parlamentinin aşağı palatasına növbədənkənar seçkilər keçirilib. Rəsmi məlumatalar görə, seçkilərdə səslərin 88,05 faizini prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" Partiyası qazanıb. Digər partiyalar isə yeddi faizlik baryeri aşa bilməyiblər.

Qazaxıstan müxalifəti parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. ATƏT-in müşahidə missiyası seçkilərdə qanun pozuntularının baş verdiyi, seçkinin beynəlxalq standartlara uyğun keçirilmədiyini bəyan edib. ATƏT eyni zamanda bu seçkinin "demokratikləşmə baxımından mütərəqqi addım" kimi qiymətləndirib.

Astanadan məlumat verən Rövzət Qasımov bildirib ki, onlar əsasən bu şəhərin 15-ə yaxın seçki məntəqəsində müşahidə aparıblar: "Biz seçkini çox diqqətlə izlədik. Seçkinin açılışından tutmuş bağlanışına qədər demək olar ki, bütün prosesə dair müşahidələr aparıdıq. Seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntularına rast gəlmədik" - deyə Qasımov açıqlama verib.

Onun sözlərinə görə, seçki ümumilikdə yaxşı təşkil olunmuşdu. Azərbaycan müşahidəçilərinin seçici fəallığına dair qənaəti Qazaxıstan MSK-sının rəsmi məlumatlarına çox yaxın olub. Belə ki, azərbaycanlı müşahidəçilər seçici fəallığının 65 faiz təşkil edəcəyini proqnozlaşdırıblar və rəsmi məlumatlarda bu rəqəm 64,56 faiz olub. Qasımovun sözlərinə görə, ayrı-ayrı təşkilatlar tərəfindən təşkil olunmuş "exit-poll"ların (səslərin paralel sayılması) nəticəsi də rəsmi məlumatlara yaxın olub.

Qazaxıstan müxalifətinin seçkidə ciddi pozuntuların olması barədə iddialarına münasibətini bildirən Qasımov deyib ki, dünyanın hər yerində istənilən seçkidə xırda pozuntular olur. Əgər bu pozuntular ümumi nəticələri dəyişdirmirsə, onu problemə çevirmək lazım deyil: "Biz də müşahidə etdik ki, müxalifət nümayəndələri öz narazılıqlarını bildirirdilər. Amma mətbuat konfransında Qazaxıstan MSK-nın sədri açıqlama verdi ki, yol verilmiş pozuntular araşdırılacaq və lazımi tədbirlər görüləcək".

ATƏT-in tənqidi mövqeyini şərh edən Qasımov yalnız bunu deyib ki, hər kəsin öz müşahidəsi əsasında özünün şəxsi rəyi yaranır. Bu da ATƏT-in öz qənaətidir.

Qasımov onu da əlavə edib ki, parlament seçkilərində Azərbaycandan həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində on bir nəfər müşahidəçi iştirak edib. Onlardan onu qısamüddətli, biri isə uzunmüddətli müşahidəçidir.

Qazağıstanda parlament seçkilərini müşahidə edən Azərbaycanın rəsmi nümayəndə heyətinə MSK sədri Məzahir Pənahov rəhbərlik edir, üzvlər isə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov və millət vəkili Fərhad Qəribovdur.

Xəbər lenti

Xəbər lenti