...

Azərbaycan Milli İstiqlal Partiyası İran prezidentinin Bakıya səfərinə etiraz edir

Siyasət Materials 21 Avqust 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinə etiraz edir. Bu barədə partiyanın çərşənbə axşamı yaydığı bəyanatda bildirilir.

İran prezidenti Əhmədinejad bu gün rəsmi səfərlə Bakıya gəlib.

AMİP hesab edir ki, onun Azərbaycana gəlişi mənəviyyata və əxlaqa sığmır. Belə ki, partiya İran hakimiyyətini Güney Azərbaycanda (İranın şimalı) yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik, assimilyasiya siyasəti yeritməkdə, insan hüquqlarını kütləvi şəkildə pozmaqda, zorakılığa üsğtünlük verməkdə günahlandırır. AMİP-in mövqeyinə görə, belə bir rejimin prezidentinin Bakıya səfəri Azərbaycan xalqının hissiyatına toxunmaqdır.

"AMİP Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyən İranın dövlət başçısının bu səfərinə etirazını bildirir. AMİP hesab edir ki, İranın fars şovinist rejimi azərbaycanlıların tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə, mənəvi dəyərlərinə hörmətlə yanaşmayınca, bu ölkənin yüksək rütbəli şəxslərinin rəsmi səfərləri məqbul deyil" - deyə partiyanın bəyanatında bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon aborigen azərbaycanlı yaşayır. Azərbaycanın bir sıra siyasi partiyaları öz fəaliyyətlərində Güney Azərbaycana yer ayırır, orada insan haqlarının durumunu nəzarətdə saxlayırlar.

AMİP güney azərbaycanlıların milli, konstitusion hüquqlarının pozulmasına görə İran hakimiyyətini tənqid edən partiyalardandır.

İran prezidentinin Azərbaycana səfərinə etiraz olaraq AMİP, Dünya Azərbaycanlıları Konqresi və digər qurumlar çərşənbə günü İranın Bakıdakı səfirliyi qarşısında piket keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti