...

AMİP lideri: "Əhmədinejadın Bakı səfəri İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması problemini aradan qaldırmayacaq"

Siyasət Materials 23 Avqust 2007 16:24 (UTC +04:00)
AMİP lideri: "Əhmədinejadın Bakı səfəri İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması problemini aradan qaldırmayacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri İranda yaşayan çoxmilyonlu azərbaycanlının hüquqlarının pozulması problemini heç də aradan qaldırmayacaq. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

İran prezidenti Mahmud Əhmədinejad avqustun 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan-İran hökumətləri arasında bir neçə saziş və birgə memarandum imzalanıb.

Məmmədov hesab edir ki, İranda yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsi Azərbaycanla İran arasında müzakirə mövzusu deyil. Ona görə də Əhmədinejadın Bakı səfəri azərbaycanlıların hüquqları ilə bağlı heç nəyi dəyiməyəcək.

"Azərbaycanla İran arasında münasibətlərdə onsuz da problem yox idi. Problem yalnız İranda yaşayan soydaşlarımızın hüquqları ilə bağlıdır. Bu məsələni də bizim hökumət qaldırmır. Ona görə dövlətlərarası rəsmi münasibətlər nə qədər yaxşılaşsa da, bu, güney azərbaycanlılar üçün heç bir imtiyazlar yaratmayacaq"-deyə Məmmədov bildirib.

AMİP lideri hesab edir ki, Azərbaycan hökuməti İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsinin ən azından gündəliyə gəlməsinə mane olmamalıdır. Məmmədov İran səfirliyi qarşısında etiraz piketləri keçirilməsinə imkan verilməməsini, aksiyaçıların saxlanılmasını da xatırladıb.

"Hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi Azərbaycan hökumətinin vəzifəsi olmalıdır. Amma təəssüf ki, hələləlik hökumət belə bir vəzifəni üzərinə götürmür. Bu, Azərbaycanın xarici dövlətlərlə, o cümlədən İranla rəsmi münasibətlərinə təsir göstərməməlidir" - deyə AMİP lideri əlavə edib.

Məmmədovun fikrincə, Azərbaycanla İran arasında rəsmi münasibətlərin yaxşılaşması, həmçinin Əhmədinejadın rəsmi səfəri fars hakimiyyətinin

Dağlıq Qarabağ məsələsində də işğalçı Ermənistana gizli və aşkar yardımlar göstərməsindən çəkindirməyəcək: "İran onsuz da yardımlarını davam etdirir".

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon avtoxton azərbaycanlı yaşayır.

Müxalifəti təmsil edən AMİP-in lideri Beynəlxalq Demokart İttifaqının sədr müavinidir. AMİP İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına görə fars hakimiyyətini tənqid edən partiyalardandır.

Xəbər lenti

Xəbər lenti