...

Azərbaycan parlamentinin yəhudi əsilli deputatı: "Yəhudilər xoloksdan başqa heç bir hadisəni soyqırım kimi qəbul etmirlər"

Siyasət Materials 24 Avqust 2007 13:40 (UTC +04:00)
Azərbaycan parlamentinin yəhudi əsilli deputatı: "Yəhudilər xoloksdan başqa heç bir hadisəni soyqırım kimi qəbul etmirlər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /ABŞ-ın ən böyük və qədim yəhudi təşkilatlarından olan Anti-Diffamasiya Liqasının (ADL) qondarma "erməni soyqırımı"nı tanıdığını bəyən edən şimal-şərqi Amerika üzrə regional direktoru Endryu Tarsi təşkilat rəhbəri Abraham Foxman tərəfindən vəzifəsindən azad edilib. Bu barədə cümə günü Bakıda Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri, yəhudi əsilli millət vəkili Yevda Abramov məlumat verib.

"Bir-iki nəfər yəhudi qondarma "erməni soyqırımı"nı tanıya bilər. Bu isə ABŞ-dakı erməni lobbisinin təsiri nəticəsində baş verir. Lakin bu o demək deyil ki, ABŞ-da yaşayan yəhudilər və bu ölkədə fəaliyyət göstərən yəhudi təşkilatları "erməni soyqırımı"nı qəbul edirlər" - deyə millət vəkili bildirib.

Qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edən Anti-Diffamasiya Liqasının şimal-şərqi Amerika üzrə regional direktoru Tarsinin təşkilatın rəhbəri Foxman tərəfindən vəzifəsindən uzaqlaşdırılması isə təşkilat daxilində ciddi qarşıdurmaya səbəb olub. Bundan bir qədər sonra isə ADL təşkilatı öz İnternet saytında bəyanat yayaraq 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri soyqırım kimi tanıdığını bildirib. ADL prezidenti bu bəyanatı təşkilat daxilində yaranmış qarşıdurmanı aradan qaldırmaq üçün atdığını bəyan edib.

Azərbaycan parlamentinin üzvü vurğulayıb ki, ABŞ Konqresinin və Senatının yəhudi millətindən olan üzvləri "erməni soyqırımı"nı qondarma bir məsələ kimi qəbul edirlər. Onun sözlərinə görə, yəhudi əsilli konqresmen və senatorlar dəfələrlə bəyan ediblər ki, 1915-ci ildə baş verən hadisələrlə bağlı məsələni ABŞ Konqresi və Senatında müzakirə etmək olmaz. Çünki belə bir müzakirələr ABŞ-Türkiyə münasibətlərinə zərbə vura bilər.

Onun fikrincə, yəhudi təşkilatlarından birinin "erməni soyqırımı"nı tanıması və ya yəhudi əsilli bir neçə nəfər konqresmenin və ya senatorun bununla bağlı qanuna dəstək verməsi Türkiyə-İsrail və Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərə bilməz.

"Yəhudilər xoloksdan başqa heç bir hadisəni soyqırım kimi qəbul etmirlər. Çünki soyqırım sübut olunmalıdır və bütün dünya onu tanımalıdır. Qondarma "erməni soyqırımı" ilə bağlı məsələ siyasiləşdirilib. Lakin bu məsələnin siyasiləşdirilməsi yolverilməz haldır" - deyə Abramov əlavə edib.

Abramov bildirib ki, Azərbaycanda yaşayan yəhudilər və ölkədə fəaliyyət göstərən yəhudi təşkilatlar qondarma "erməni soyqırımı"nı tanıyanların fəaliyyətini pisləyir və buna etiraz edirlər.

Millət vəkili qeyd edib ki, ABŞ Konqresinə və Senatına keçirilən seçkilər zamanı erməni lobbisi konqresmen və senatorluğa namizəd olan məşhur yəhudilərin bütün seçki xərclərini öz üzərinə götürür. Sonradan isə həmin yəhudi erməni lobbisinə xidmət etməli olur. Lakin digər yəhudilər bunun qarşısını alır və başa salırlar ki, qondarma "erməni soyqırımı"nı tanımaq olmaz.

ABŞ-ın ən böyük və qədim yəhudi təşkilatlarından olan Anti-Diffamasiya Liqasının əsası 1911-ci ilə qoyulub.

Xəbər lenti

Xəbər lenti