Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Millət vəkili Pənah Hüseynin baş prokuror Zakir Qaralova qarşı şikayəti üzrə cümə günü Yasamal rayon məhkəməsində hazırlıq iclası keçirilib. Bu barədə Trend ə Pənah Hüseyn məlumat verib.
Millət vəkilinin şikayəti ötən il Azərbaycanın baş prokuroru Qaralovun kütləvi informasiya vasitələrinə açıqlamasında "Pənah Hüseyn, Cəmil Həsənli Fərhad Əliyevin xalqdan oğurladığı pullar hesabına bəyanatlar verirlər" ifadəsinin işlədilməsi ilə bağlıdır. Hüseyn baş prokurorun bu ittihamının məhkəmədə sübuta yetirməsini tələb edir. Millət vəkili baş prokurorun ittihamının əsassız olduğunu iddia edir və təkzib tələb edir.
Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev dövlət əmlakını mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərini aşma və s. maddələrlə ittiham edilərək həbs olunub.
Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə keçən hazırlıq iclasında növbəti məhkəmə baxışı sentyabrın 14-ü saat 15.30-a təyin olunub.
İddiaçı həmçinin məhkəmənin tələbi ilə öz şikayətində sözügedən ittihamın çap olunduğu iki qəzetin - "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin də adını cavabdeh tərəf kimi göstərib: "Konstitusiya Məhkəməsinin belə bir qərarı var ki, mübahisəli fikirlərin yayıldığı KİV-lərin də adı iddia ərizəsində göstərilməlidir. Bu səbəbə görə 9 aydır mənim şikayətim icraata götürülmürdü. Məhkəmə məni məcbur etdiyinə görə sonda mən formal olaraq bu iki qəzeti cavabdeh tərəf kimi göstərdim. Amma mənim heç bir qəzeti məhkəməyə vermək niyyətim yoxdur" - deyə millət vəkili bildirib.
Hüseyn şikayətində baş prokurordan maddi təzminat da tələb etmir.