...

Avropa parlamentinin nümayəndə heyətinin Bakıya səfər proqramı hazırlanıb

Siyasət Materials 7 Sentyabr 2007 15:30 (UTC +04:00)
Avropa parlamentinin nümayəndə heyətinin Bakıya səfər proqramı hazırlanıb

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/ Cümə günü Trend ə Avropa Şurasından verilən məlumata görə, Avropa Parlamentinin nümayəndə heyətinin sentyabrın 11-15-də Azərbaycana gözlənilən səfərinin proqramı hazırlanıb. Səfər Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin 8-ci iclası çərçivəsində baş tutacaq.

Avrorpa parlamentinin nümayəndə heyətinə xanım Marie Anne Isler Beguin (Fransa, nümayəndə heyətinin başçısı), cənab Arpad Duka-Zolyomi (Slovakiya), cənab Alessandro Battilocchio (İtaliya), cənab Marian-Jean Marinescu (Rumıniya), xanım Lydie Polfer (məruzəçi, Lüksemburq) və cənab Johannes Swoboda (Avstriya) başçılıq edəcək.

Səfərin proqramı çərçivəsində sentyabrın 11-də Bakıdakı Avropa Evində Avropa Parlamenti katibliyinin iclası və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin katibliyinin toplantısı keciriləcək. Sentyabrın 12-də səhər Avropa Evində QHT təşkilatları və mətbuat nümayəndələri ilə görüş olacaq. Bundan sonra Avropa İttifaqına üzv dövlətlərin Bakıdakı akkreditasiya olunmuş səfirlərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Həmin gün Milli Məclisin binasında Komitənin iclası və mətbuat konfransı, həmçinin Azərbaycan prezidenti ilə görüş keçiriləcək.

Səfərin proqramına əsasən, nümayəndə heyətinin sentyabrın 13-də xarici işlər , müdafiə və ədliyyə nazirləri, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri və Dağlıq Qarabağın Azərbaycanlı icmasının başçısı ilə görüşləri nəzərdə tutulub.

Həmin gün onlar həbsdə olan jurnalistlərlə və Avropadakı azərbaycanlı tələbələrin forumunun nümayəndələri ilə görüşəcəklər.

Səfərin proqramına həmçinin sentyabrın 14-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Nazirlər Kabinetinin nümayəndələri tərəfindən Komissarlığın ofisində məcburi köçkünlərlə bağlı mətbuat konfransı, Sumqayıt şəhərinə, Sanqaçal neft və qaz doldurma terminalına baş çəkmə, BP-Azərbaycanın nümayəndələri ilə görüş daxildir.

Parlamentlərarası əməkdaşlıq komitəsinin iclası zamanı Əməkdaşlıq vəTərəfdaşlıq müqaviləsi və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan -Avropa İttifaqı əməkdaşlığının mövcud durumu, Azərbaycanda siyasi vəziyyət və konstitusiya məsələləri, 2008-ci ildə keçiriləcək prezident seçkiləri, demokratik islahatlar, insan haqları və əsas azadlıqlar, söz və mətbuat azadlığı, məhkəmə sistemində islahatlar, Azərbaycanın davamlı inkişaf sahəsində öhdəliyi məsələləri müzakirə olunacaq. Bundan başqa, iqtisadi inkişaf, ətraf mühitin mühafizəsi, ətraf mühitin qorunmasına dair regional mərkəzin gələcək fəaliyyəti, sosial məsələlər və yoxsulluğun azaldılması, Dağlıq Qarabağ münaqişəsi, Aİ ilə Azərbaycanın enerji məsələlərinə dair tərəfdaşlığı, Xəzər və Qara dəniz hövzəsində enerji təhlükəsizliyi üzrə müzakirələr gündəlikdə duran məsələlər sırasındadır.

Komitənin 7-ci iclası 2006-cı il dekabrın 13-14-də Strasburqda keçirilib. Komitə 1996-cı ildə yaradılıb, Milli Məclis deputatlarından və Avropa parlamentinin üzvlərindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti