...

Avropa İttifaqı enerji sahəsində Azərbaycana böyük önəm verir

Siyasət Materials 10 Sentyabr 2007 11:55 (UTC +04:00)

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/ Sentyabrın 11-15 tarixlərində Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri öncəsi Avropa Parlamenti katibliyinin Avropa ölkələri parlamentlərarası nümayəndə heyətləri bölməsinin rəhbəri Tomas Qrunerin Trend ə eksklüziv müsahibəsi

- Sentyabrın 11-də Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri başlayır və siz də bu tərkibə daxilsiniz. Bu səfər zamanı hansı məsələlər müzakirə olunacaq ?

- Hər şeydən əvvəl biz Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planını, onun həyata keçirilməsi mexanizmlərini müzakirə edəcəyik. Bu önəmli bir elementdir. Bildiyiniz kimi, Azərbaycanla Fəaliyyət Planı gec imzalandığına görə bu sahədə görüləsi cox işlər var və bu, müzakirələrin əsasını təşkil edəcək. Eyni zamanda, Fəaliyyət Planı çərçivəsində Azərbaycanda siyasi vəziyyət, konstitusiya islahatları, 2008-ci ildə keçiriləcək prezident seçkilərinin perspektivləri, demokratik islahatlar, insan haqları və fundamental azadlıqlar sahəsində vəziyyət, habelə mətbuat azadlığı məsələləri müzakirə olunacaq. Buna görə biz həbsdə olan bəzi jurnalistlərlə görüşmək üçün xahiş etmişik. Belə görünür ki, Avropa ölkələrində, Azərbaycanda jurnalistlər həbs olunur. Bu isə Avropa Parlamentinin diqqətini çəkir. Hüquqi dövlət, məhkəmə sistemində mövcud olan durum gündəlikdə duran məsələlər sırasındadır. Qeyd edim ki, gündəliyin məzmunu digər ölkələrlə müqayisədə oxşardır. Əlbəttə, səfərin digər aspektləri regional münaqişələri əhatə edir. Biz Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasını başa düşürük. Bu münaqişənin həlli Avropa Parlamentinin maraq və diqqətindədir. Biz həmçinin enerji məsələlərinə dair müzakirələr aparacağıq. Bu məsələ Aİ üçün cox böyük əhəmiyyət kəsb edir. Siz tarixi konteksti bilirsiniz. Biz enerji təchizatımızı müxtəlifləşdirmək istəyirik. Azərbaycanın bu sahədə böyük potensialı və Aİ üçün önəmi var. Biz müxtəlifləşdirilmiş enerji strategiyasının axtarışındayıq. Avropa Parlamenti neft gəlirlərinin yenidən paylanmasına da diqqət yetirir. Bu gəlirlərin böyük hissəsinin müdafiə xərclərinə yönəlməsinin qarşısını almaq lazımdır. Biz münaqişənin yenidən alovlanmasını istəmirik. Aİ neft gəlirlərinin Fəaliyyət Planında göstərilmiş sahələrə xərclənməsinə və ölkədə sosial vəziyyətin, həyat şəraitinin yaxşılaşdırılmasına önəm verir. Ölkə əhalisi bu zənginlikdən maksimum yararlanmalıdır. Həmçinin davamlı inkişaf, yoxsulluq səviyyəsinin azaldılması, habelə beynəlxalq və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

- Siz Fəaliyyət Planından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində irəliləyişləri necə dəyərləndirirsiniz?

- Bu, vaxt tələb edən bir prosesdir. Biz irəliləyişlər müşahidə edirik. Bu mərhələdə qiymət vermək cox çətindir, çünki qeyd etdiyimiz kimi, Fəaliyyət Planı yeni olduğuna görə onun həyata keçirilməsi zaman tələb edir. Əlbəttə, biz görmək istərdik ki, Azərbaycan bu plandan irəli gələn vəzifələri yerinə yetirsin. Bu mərhələdə nəticə hasil etmək cox tezdir. Avropa Parlamenti Azərbaycan tərəfindən Fəaliyyət Planının fərdi xarakterli elementlərini mümkün qədər sürətləndirməyi xahiş edəcək. Bu, Azərbaycan üçün qonşu ölkələrlə müqayisədə daha asandır, çünki sizin maliyyə imkanlarınız buna imkan verir.

- Azərbaycanda ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

- Dediklərim mənim şəxsi fikirlərimdir və bu yaxınlarda Bakıda Diplomatiya Akademiyası ilə birlikdə hazırlanmış siyasi haqlar və Avropa siyasətinə dair elmi konfrans çərçivəsində müşahidələrimə əsaslanır. Mənim şəxsi təəssuratım budur ki, ölkə artıq istiqamət götürüb, vəziyyət yaxşılığa doğru gedir. Sosial, ətraf mühit məsələlərində problemlər var, neft istehsalı ətraf mühitlə bağlı risqlər yaradır. Biz istərdik ki, bu sahəyə investisiya yatırılsın. İnsan haqları, mətbuat azadlığı sahəsində tənqidlər var. Həbsxanada jurnalistlərin olması Aİ üçün şokdur. Bu isə Azərbaycanın imicinə mənfi təsir göstərir. Mən jurnalistlərin həbs olunması səbəblərini bilmirəm. Biz istəyirik ki, mətbuat azad olsun. Bizim missiyamiz səfər zamanı bu sahəyə dair rəyləri toplamaq və vəziyyətin nə dərəcədə yaxşılaşmasına dair qiymət verməkdir. İnsan haqları, mətbuat söz azadlığı sahəsində vəziyyət Azərbaycanın Avropaya inteqrasiyasına təsir edə bilər. Aİ Kopenhagen meyarları çərçivəsində namizəd ölkələrdə bu məsələlərə böyük diqqət ayırır. Bizim cavabımız cox aydındır: insan haqları, mətbuat azadlığı bu ölkələrin yaxınlaşma strategiyasının əsas hissəsini təşkil edir.

- AI ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Əvvəlcə qeyd edim ki, böyük bir potensil var və bunu Aİ kəşf edib. Aİ enerjiyə olan asılılığını müxtəlifləşdirmək istəyir. Əməkdaşlıq artıq başlayıb. Bu sahədə Azərbaycan və Orta Asiya ölkələri ilə geniş müzakirələr aparılır. Bu əməkdaşlığı inkişaf etdirmək lazımdır. Mən bu əməkdaşlığın gələcəyinə nikbin baxıram.

- Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı töhfəni verə bilər?

- Bu vacib bir məsələdir. Mən bu fikirdəyəm ki, Aİ daha cox iş görə bilər. İndiki halda Aİ-nin uyğun bir xarici və təhlükəsizlik siyasəti yoxdur. Mən əminəm ki, Aİ-nin münaqişənin həllində təsirli diplomatik səy göstərməsi daha yaxşıdır. ATƏT-in Minsk qrupu var. Şəxsən bu fikirdəyəm ki, Aİ bu danışıqlarda iştirakçı olmalıdır. Bizim önəmli siyasi aktyor olmaq, bu münaqişəni həll etmək üçün vasitələrimiz olmalıdır. Aİ ölkələrinin əksər hissəsində siyasi istək var. İstəyirlər ki, münaqişənin həlli üçün daha çox iş görsünlər. Umid edək ki, Aİ birgə strategiyanı inkişaf etdirəcək və bu məsələdə vasitəçi olmağı təklif edəcək. Bizim bəzi böhran bölgələrində fəaliyyətimiz var. Məsələn: Dnestryanı sərhədlərin mühafizəsi ilə bağlı missiyamız var. Habelə polis gömrük sistemində əməkdaşlıq əlaqələrimiz var. Bu variant Dağlıq Qarabağ üçün nəzərdən keçirilə bilər. Əsas məsələ odur ki, Aİ birbaşa təsirli iştirakçı olsun. İanıram ki, Aİ-nin potensialı Minsk qrupu üzvlərinin potensialından daha böyükdür. Münaqişə zonası Avropaya daha yaxındır, nəinki Amerikaya. Aİ-nin obyektiv vasitəçi rolu oynamaq üçün potensialı var.

Azərbaycanla Fəaliyyət Planında ərazi toxunulmazlığı öz əksini tapıb və bu prinsipə hörmət olunmalıdır. Ermənistanla Fəaliyyət planında başqa elementlər var. Orada xalqların öz müqəddəratını təyin etmə prinsipi əks olunub. Aİ-ni ikili oyunda ittiham etməyin. Fəaliyyət Planları tərəfdaş olkələrlə danışılıb və fərqli məzmuna malikdir. Aİ-nin siyasi niyyəti həqiqətən bu münaqişənin beynəlxalq aləm tərəfindən qəbul edilmiş sənədlər əsasında həllinə yardım etməkdir.

Biz məsələnin BMT tərəfindən qəbul olunmuş və sözügedən tərəfləri qane edən sənədlər əsasında həllinin tərəfdarıyıq . Münaqişə danışıqlar yolu ilə həll olunmalıdır və tərəflər güzəştlərə hazır olmalıdırlar.

- Azərbaycanın, eləcə də digər Cənubi Qafqaz ölkələrinin Fəaliyyət Planı daxilində Aİ-yə üzvlük perspektivi nəzərdə tutulubmu?

- Mən buna müsbət cavab verə bilmərəm. Hazırda Aİ həzm etmə mərhələsindədir. Bilmək lazımdır ki, Avropanın sərhədləri harada yerləşir. İndiki halda biz Cənubi Qafqaz ölkələrinin Avropaya yaxınlaşmasına dair öhdəliklərdən danışırıq. Aİ-yə tam üzvlük perspektivini gözləmək lazımdır. Aİ indi genişlənmədən yorulub. O, 10 ölkəni öz sıralarına qəbul etdikdən sonra bunu həzm etməlidir. Eyni zamanda, siyasi xadim olaraq ictimai rəyin fikrinə də hörmət etmək lazımdır. Vəziyyət dəyişə bilər. Mənim şəxsi fikrimə görə, Moldova, Ukrayna və Cənubi Qafqaz ölkələri ilə bağlı üzvlük perspektivi nəzərdə tutulmalıdır. Bundan hələ cox uzaqdayıq. Yaxınlaşma siyasəti çərçivəsində bu ölkələrin Kopenhagen meyarlarına riayət etməsinə çalışmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti