...

Prokuror: "Sabiq səhiyyə nazirinin cinayətləri ibtidai və məhkəmə istintaqında tam sübuta yetirilib"

Cəmiyyət Materials 13 Sentyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ibtidai istintaqda və məhkəmə istintaqında sabiq səhiyyə naziri və onunla birgə təqsirləndirilənlərin cinayətləri tam sübuta yetirilib. Bu bəyanatla cümə axşamı Bakı Şəhər Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Məhərrəm Mustafayev çıxış edib.

Mustafayev bildirib ki, Əli İnsanov 1998-2005-ci illərdə səhiyyə naziri işlədiyi müddətdə bir qrup şəxslə cinayət əlaqəsinə girərək Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin balansında olan ümumi dəyəri 13 milyon 353 min manatdan artıq olan qeyri-yaşayış, ümumi dəyəri 14 milyon 567 manat olan torpaq sahəsini yararsız adı ilə öz qohumlarının adına özəlləşdirərək talan edib. Prokuror ona elan olunan ittihamların şahid ifadələri, ekspert rəyləri, digər sənədlərlə sübuta yetirildiyini vurğulayıb.

Prokuror birinci instansiya məhkəməsinin Akif Məhərrəmov, Aleksandr Umyaşkin barəsindəki ev dustaqlığının cəza müddətinə daxil edilməməsini pozuntu kimi qiymətləndirib.

O hər iki şəxs barəsində ev dustaqlığında saxlanılan müddətin təyin olunan cəzadan çıxılmasını və Məhərrəmov barəsində 7 il 6 ay, Umyaşkin barəsində 1 il 10 ay 2 gün azadlıqdan məhrumetmə cəzasının çıxarılmasını xahiş edib.

Təqsirləndirilənlər Fəxrəddin Abbasov və Pərviz Kazımovun etirafedici ifadələrinin və digər yungülləşdirici halların nəzərə alınaraq mənimsəmə və ya israf etmə ittihamı üzrə 62-ci maddənin nəzərə alınmasını və bu cinayət üzrə cəzalarının 7 ildən 5 ilə endirilməsini və üzərlərində qəti olaraq 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.

Digər təqsirləndirilənlər və mülki cavabdehlər barəsindəki məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasını istəyib.

Prokurorun çıxışına etiraz edən İnsanov məhkəmədən obyektiv qərar gözləmədiyini bildirib: "Prokuror nə oxuyursa, siz də onu təkrarlamağa məhkumsunuz. Dövlət ittihamçısına hazır yazılı şəkildə verilmiş çıxışı rədd edirəm. Mənim heç bir təqsirim yoxdur. Gələcəkdə öz təqsirsizliyimi sübut etməyə imkanım olacaq. Mən sizdən mərhəmət də ummuram. Siz mərhəmət göstərməyə qadir də deyilsiniz".

Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Məhərrəmov isə dövlət ittihamçısının ona qərəzli yanaşdığını, onun Azərbaycan elminə xidmətlərinin, xəstəliyinin, ailə vəziyyətinin nəzərə alınmadığını bildirib: "Siz Akif Məhərrəmovu açıqcasına ölümə göndərirsiz. Bundan nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti qazanacaq".

Sabiq nazirin bacısı oğlu Anar Namazov özünü günahkar saymayıb və bildirib ki, dövlətin özəlləşdirilməyə çıxardığı iki obyektini qanuni yolla satın alıb. Namazov prokurorun ona qarşı qərəzli olduğunu və bunun səbəbini də İnsanovun qohumu olması ilə əlaqələndirib.

Digər təqsirləndirilənlər də prokurorun qeyri-obyektiv çıxış etdiyini, onlara qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini vurğulayıblar və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.

Məhkəmə son qərar qəbul etmək üçün sentyabrın 20-dək müşavirəyə çıxıb.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Xəbər lenti

Xəbər lenti