...

"Yeni Müsavat" qəzetinin həbs olunan müxbiri azadlığa buraxılıb

Cəmiyyət Materials 27 Sentyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Yeni Müsavat" qəzetinin Naxçıvan üzrə bölgə müxbiri, ötən həftə həbs olunmuş Həkim Eldostu Mehtiyev cümə axşamı azadlığa buraxılıb. Trend in məlumatına görə, bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Mehtiyev sentyabrın 23-də yaşadığı Naxçıvan MR Şərur rayonunun Cəlil kəndində "səs küy salmaqda, polislərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq, polisin tələbinə tabe olmamaqda" günahlandırılaraq 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdu.

Arifoğlunun sözlərinə görə, əslində jurnalistin həbsinə onun Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun barəsində "Azadlıq" radiosuna tənqidi açıqlamalar verməsi səbəb olub. Arifoğlu həmçinin iddia edib ki, təcridxanada jurnalistə işgəncə veriblər. Onun vəziyyəti ilə tanış olmaq üçün qəzet rəhbərliyi Naxçıvana öz nümayəndələrini ezam edib.

Naxçıvana getmiş jurnalistlər mətbuat konfransında bildiriblər ki, onlar Mehtiyevin saxlandığı təcridxanaya gediblər və onu təsadüfən, gəzintiyə çıxarılan zaman görüblər. Jurnalistlərin sözlərinə görə, Mehtiyev axsayırdı və döyüldüyü vəziyyətindən bəlli olurdu.

Arifoğlu bildirib ki, bu gün təcridxanada Mehtiyevə "polislərin onu bağışladığını" deyiblər və bunu əsas gətirərək sərbəst buraxıblar. Arifoğlu deyib ki, buna baxmayaraq, Şərur rayon məhkəməsinin həbs qərarından apellyasiya şikayəti veriləcək, həmçinin jurnalistin işgəncəyə məruz qalması ilə əlaqədar ekspertizadan keçirilməsinə nail olmağa çalışacaqlar: "Məqsədimiz şikayətimizi Avropa Məhkəməsinə qədər çıxarmaqdır" - deyə Arifoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti