...

Gələn il Azərbaycanda 129 yeni məktəb binası tikiləcək

Cəmiyyət Materials 10 Noyabr 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gələn il Azərbaycanda 129 yeni məktəb binasının, 41 məktəb üçün əlavə korpusların tikilməsi, 141 məktəbin, 21 uşaq bağçasının əsaslı təmir olunması nəzərdə tutulur. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov şənbə günü Yeni Azərbaycan Partiyasının təhsillə bağlı keçirdiyi ümumrespublika müşavirəsində məlumat verib.

Onun sözlərinə görə, təhsil nazirliyi ölkənin bütün orta təhsil müəssisələrinin monitorinqini aparıb və bu rəyə gəlinib ki, ümumilikdə, 600 məktəb üçün yeni bina, 700 məktəb üçün yeni korpusların tikilməsinə, 1500 məktəbin əsaslı təmir olunmasına ehtiyac var.

Təhsil Nazirliyi sözügedən təmir-tikinti işlərinə dair 5 illik islahatları nəzərdə tutan təkliflər layihəsi hazırlayıb. Nazirin sözlərinə görə, 5 il ərzində bu işlərə 2 milyard manat vəsait lazımdır.

Mərdanov xatırladıb ki,1998-ci ildən bəri Azərbaycanda 1217 məktəb binası tikilib. Təkcə bu il ərzində,dövlət büdcəsi hesabına, 200 yeni məktəb binası və məktəblər üçün əlavə korpuslar tikilib, 50 məktəb əsaslı təmir olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə isə, ötən dərs ilində 47 məktəb tikilib.

Təhsil sahəsinə gələn il üçün qoyulacaq investisiyanın həcmi248.266.600 manat nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti