...

Bakının bir neçə məktəb direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 16 Noyabr 2007 11:50 (UTC +04:00)
Bakının bir neçə məktəb direktoru vəzifəsindən azad edilib

Azərbaycan, Gəncə / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın təhsil naziri Bakının bir neçə məktəb direktorunu vəzifəsindən azad edib. Trend in məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov cümə günü orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları ilə əlaqədar keçirdiyi müşavirədə bəyan edib.

Nazir bildirib ki, iki ildir ki, Azərbaycanda 11-ci sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test buraxılış imtahanları keçirilir. Bu il noyabrın 25-də həmin qaydada ilk sınaq yoxlama imtahanları keçiriləcək.

Nazirin sözlərinə görə, imtahanda iştirak etmiş şagirdlərə yekun attestat qiyməti verilərkən qiymətlərin 50 faizini orta məktəb qiymətləri və sınaq yoxlamalarının, qalan hissəsini isə son imtahanların nəticələri təşkil edəcək.

Nazir bildirib ki, mərkəzləşdirilmiş test imtahanlarının həyata keçirilməsinə bir çox məktəb direktorları, müəllimlər, hətta nazirliyin əməkdaşları mane olmağa çalışır, bu, işə ləkə vururlar.

"Bəzi direktorlar, müəllimlər özləri oturduqları budağı baltalamaqla məşğuldurlar. Lakin onlar bizim işə mane ola bilməyəcəklər. İşimizi pozmağa çalışanlar mütləq öz layiqli cəzalarını alacaqlar", deyən nazir əlavə edib ki, Bakının bir sıra rayonlarının orta məktəb direktorları şagirdlərin mərkəzləşdirilmiş test imtahanlarından yayınmasına şərait yaradır.

Nazirin sözlərinə görə, Bakının Səbail, Xətai, Yasamal,Sabunçu, Binəqədi, Nəsimi, Suraxanı və Əzizbəyov rayonlarındakı orta məktəblərdə müəyyən sayda şagirdlər direktorların vasitəsilə mərkəzləşdirilmiş test imtahanlarından yayınması üçün başqa məktəblərə keçiriliblər.

Mərdanov bu işin həyata keçirən direktorların adlarının və əməllərinin araşdırılması üçün tapşırıq verib və bildirib ki, gələn həftənin bazar ertəsi onların vəzifələrindən azad olunması barədə əmrə imza atacaq. "Bu direktorların əmri bazar ertəsi stolumun üstündə olmalıdır. Bu işdə heç kəsə güzəştə getməyəcəyik" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti