Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ "İki sahil" qəzeti Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 15 illik yubileyi ilə əlaqədar xüsusi buraxılış hazırlayıb. Rəngli və 32 səhifəlik buraxılışda hakim partiyanın yaranma tarixi, həmin dövrdə Azərbaycanda baş verən xaotik vəziyyət, yenicə müsətəqillik qazanmış dövlətimizin ciddi təhlükələrlə üzləşməsi və o ağır illərdə xalqın nəzərlərinin eks-prezident Heydər Əliyevə dikilməsi, ən nəhayət ölkə ziyalılarının ona müraciəti, maraqlı və təhlil xarakterli yazılar yer alıb.
Xüsusi buraxılışda YAP-ın keçdiyi yol, onun bu gün nəinki Azərbaycan cəmiyyətində, ümumilikdə regionda tutduğu ali mövqe rəqəmlərin və faktların dili ilə göstərilir. Burada ölkənin tanınmış siyasətçilərinin, ziyalılarının, o cümlədən dövlət xadimlərinin yazıları, maraqlı fikirləri də yer alıb.
Xüsusi buraxılışda YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun, YAP İdarə Heyətinin üzvü, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovun, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın, YAP-ın icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlının, partiyanın İdarə Heyətinin üzvləri Kərim Kərimov və Abel Məhərrəmovun, YAP Siyasi Şurasının üzvləri Eldar İbrahimov, Ağabəy Əsgərov, Aydın Mirzəzadə və digərlərinin yazıları yer alıb.