...

"Kriminal avtoritet"in qətli ilə bağlı saxlanılanlar buraxılıb

Cəmiyyət Materials 27 Noyabr 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Bakıda qətlə yetirilən "Çeçen Ruslan" ləqəbli "kriminal avtoritet"in qətli ilə bağlı saxlanılan şəxslər buraxılıb.

Bakının Nərimanov rayon prokurorluğundan çərşənbə axşamı Trend ə bildirilib ki, hadisə baş verən vaxt Raqub Rüstəmovun yanında olan şəxslər Akif Sarıyev və Əlinur Sarıyev şübhəli şəxs qismində saxlanılıblar.

Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev bildirib ki, həmin şəxslər dindirildikdən sonra azad olunublar. Quliyev qətlin motivi barəsində bütün versiyaların araşdırıldığını deyib.

Noyabrın 25-də axşam saatlarında Həsən Əliyev küçəsində, "Tonqal" restoranının qarşısında 45 yaşlı Rusiya vətəndaşı olan, Ağdam rayonunda doğulmuş Rüstəmov Raqub Bəhmən oğlu odlu silahla qətlə yetirilib.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər əmi, qardaşoğludur. Əlinur Sariyevin atasının da bir müddət öncə Rusiyada qətlə yetirildiyi bildirilir.

Adıçəkilən şəxslər hadisə baş verən gün "Tonqal" restoranında yeyib-içiblər. Restorandan birgə çıxarkən yolu keçən ağ "BMV" markalı avtomobildən Rüstəmova atəş açılıb. Avtomobil dərhal hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) və qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə (228.1) maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, mərhum Rusiyada "Çeçen Ruslan" ləqəbli avtoritet kimi tanınıb. Qətlin də onun kriminal fəaliyyəti ilə bağlı olduğu bildirilir. Mənbə bildirib ki, Rüstəmovun həyatına bundan öncə bir neçə dəfə sui-qəsd olub.

Bu, son yarım ayda Bakıda odlu silahla üçüncü qətl hadisəsidir.

Binəqədi rayonunda tanınmamış Çeçenistan respublikasının Azərbaycan nümayəndəliyinin rəsmisi İmran Qazıyev qətlə yetirilib.

Səbail rayonunun 20-ci sahə adlanan ərazisindəki sahə müvəkkilliyinə silahlı basqın zamanı isə bir nəfər öldürülüb, 3 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti