...

Cəzaçəkmə müəssisələrində radikal dini təriqətlərin olması narahatlıq yaradır - Dövlət Komitəsinin sədri (video)

Cəmiyyət Materials 7 Dekabr 2007 14:03 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrində radikal dini təriqətlərin olması narahatlıq yaradır - Dövlət Komitəsinin sədri (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəzaçəkmə müəssisələrində radikal dini təriqətlərin olduğu barədə cəmiyyətdə yayılan informasiyalardan narahatdır. "Cəzaçəkmə müəssisələrində qeyri-ənənəvi, radikal, ekstremist dini təriqətlərə qulluq edən şəxslər var. Cəmiyyətdə cəzaçəkmə müəssisələri haqqında belə bir fikrin formalaşması bizi çox narahat edir", cümə günü 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov bildirib. Orucov məhkumları belə şəxslərə uymamağı, dini təriqətlərdən uzaq durmağı məsləhət görür.

Həbsxanalarda məhkumların radikal dini təriqətlərin fəaliyyətinə cəlb olunmaması üçün Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyi birlikdə məhkumlar arasında maarifləndirici dini təbliğat işləri aparır.

Orucov deyib ki, məhbuslar arasında maarifləndirici işlərin aparılması onların radikal dini təriqətlərin fəaliyyətinə uymamasında müsbət təsir göstərir.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov isə cümə günü jurnalistlərə açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində ekstremist dini təriqətlərin fəaliyyəti təhlükəli həddə deyil. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində radikal dini təriqətlərə məxsus 70-ə yaxın məhkum cəza çəkir. Onlardan 15-i cəza çəkdikləri müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edərək əməllərindən peşmançılıq çəkdiklərini bildiriblər. Ələkbərov deyib ki, radikal dini təriqətlərə məxsus məhkumlar tam nəzarətdədir. O qeyd edib ki, cəzaçəkmə müəssisələrində məhkumların 20 faizi ibadətlə məşğuldur və bütün müəssisələrdə məhkumların ibadət etməsi üçün əlverişli şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti