Azərbaycan, Lənkəran, 18 yanvar / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub bölgəsində yayımlanan "Cənub TV"nin əməkdaşlarının döyülməsi ilə bağlı telekanal rəhbərliyi məhkəməyə müraciət etməyi planlaşdırır. Bu barədə cümə günü Trend ə "Cənub TV"nin icraçı direktoru Eltən İdrisoğlu məlumat verib.
"Cənub TV"nin müxbiri Nurlan Nəsirov və operatoru Vidadi Əzizov Masallı rayon elektrikpaylayıcı şəbəkəsində çəkiliş aparan zaman şəbəkənin rəisi Allahverdi İsmayılov onlara bir neçə dəfə stulla zərbələr endirib, ən ağır söyüşlərlə təhqir edib.
İdrisoğlu deyib ki, Masallı rayon elektrikpaylayıcı şəbəkəsinin rəisinə törətdiyi əmələ görə telekanaldan rəsmi üzr istəməsi barədə məlumat verilib. Əks halda, İsmayılov telekanala vurduğu mənəvi və maddi ziyana görə məhkəməyə veriləcək.
Media Hüquq İnstitutu (MHİ) hesab edir ki, "Cənub TV"nin əməkdaşlarının döyülməsi Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma (309.2-ci) maddəsində göstərilən cinayət əməlidir. Həmin maddəyə görə, vəzifəli şəxsin qulluq səlahiyyətlərindən açıq-aşkar kənara çıxaraq vətəndaşların hüquqlarını pozan, cəmiyyətə və dövlətə zərər vuran hərəkətlər etməsi cinayətdir.