...

Sabiq nazir xəstəxanaya köçürülüb

Cəmiyyət Materials 5 Fevral 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Ədliyyə Nazirliyinin Xəstəxanasına köçürülüb.

Bu barədə çərşənbə axşamı Trend ə  sabiq nazir Fərhad Əliyevlə görüşdən qayıdan vəkil İsaxan Aşurov məlumat verib.

Vəkil bildirib ki, Əliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və ona hələlik dəqiq diaqnoz qoyulmayıb.

Sabiq nazir yanvarın 31-də imzaladığı və mətbuatda dərc olunmuş bəyanatında fevralın 2-dən 48 saat müddətinə aclığa başlayacağını elan edib.

O öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılmasını tələb etdiyini və qısa müddət ərzində bu baş verməsə, fasiləsiz aclığa başlayacağını vurğulayıb.

Vəkilləri sabiq nazirin ürək xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağır olduğunu bildirib.

Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.

Əliyev həbs olunduğu vaxtdan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti