...

Desələr zirvədəsən, hər şeyin sonu olduğunu düşünəcəyəm – Tünzalə Ağayeva

Cəmiyyət Materials 14 Fevral 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Günel Əhmədova/

"Mən tənqidə normal baxıram və ən çox özümü tənqid edirəm. Buna görə dostlarım məni qınayırlar. Mənfi xüsusiyyətimi birinci özüm hiss etməsəm, deməli, inkişaf da yoxdur. Hər günün sonunda gördüyüm işlərimi analiz edir, yaxşını-pisdən ayırmağa çalışıram. Demirəm ki, mən idealam, ailəmə, sənətimə eyni diqqətlə yanaşıram. Bəzən bunların birinə diqqəti azaldanda narahtlıq keçirirəm. Ana olsam da, hələ ki, valideynlərimin yanındayam və hərdən özümü onların himayəsindəki kimi hiss edirəm" - bu sözləri TrendLife-la düşüncələrini bölüşən əməkdar artist Tünzalə Ağayeva söylədi.

Müğənni düşünür ki, həddindən artıq yaxşı olmaq da olmaz. Hər bir hadisədə neytral qalmağa çalışan müğənni bəzən dini kəlamları özü üçün həyat devizi seçir: "Həzrət Əlinin gözəl bir kəlamı var: "Başqasının qüsurlarını görən gözümü kor eləmişəm". Həmişə bu deyimi özüm üçün örnək bilmişəm".

Özünü nəfsinə qalib gəlməyi bacaranlardan hesab edən Tüznalə Ağayeva hesab edir ki, bununla o, özünü daha da saflaşdıra bilir: "Bəzən insanlar onun gözünü qamaşdıra bilən, işıq gələn yerə can atırlar. Beləcə, ömür boyu yol gedirlər. Amma yanlarındakı qığılcımı görmək istəmirlər. Mən arzuladığım bir əşyaya zəhmətlə nail olmağı sevirəm; o, dərhal mənim ovcumda olsa, onun yükünü hiss etməyəcəm. Sənətə gələn insan bəzən qarşısında şərt qoyur; mən məşhuramsa, insnalarla ünsiyyətimi məhdudlaşdırmalı, küçəyə tək çıxmamalıyam. Axı niyə? Mən də insanam. İstədiyim vaxt küçəyə çıxıb, istədiyim mağazadan özümə nəsə ala bilərəm. Bunlar mənə xoş hisslər aşılayır".

Müğənnilərin kateqoriya iddiasına münasibətini bildirən müğənni dedi ki, o addımlayarkən heç vaxt pillələri saymır. Onun fikrincə, pillələri sayan insan zirvəni nə vaxt fəth edəcəyi barədə düşünür: "Mən yoluma davam edirəm. Harada olduğumu dinləyici müəyyən edir; desələr ki, zirvədəsən, onda hər şeyin sonu olduğunu düşünəcəyəm. Mən zirvələr fəth etmək arzusu ilə çalışmıram. Eyni zamanda, özüm-özümə müğənni, yaxud bəstəkar adı vermək istəmirəm. Sadəcə, çalışdığım işə müəllif kimi yanaşıram. Hansında daha uğurlu görünsəm, onda dinləyici mənim nəyə qadir olduğumu söyləyir".

Xəbər lenti

Xəbər lenti