...

Birinci olmaq üçün yalnız yaradıcılıqla məşğul olmaq lazımdır -bəstəkar Vüqar Camalzadə

Cəmiyyət Materials 21 Fevral 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Şahin Cavadsoy

Bəstəkar Vüqar Camalzadənin efirdə az-az görünməsinin tutarlı səbəbləri var. Belə ki, ali təhsil ocaqlarında növbəti semestrin başlanması, onun yaradıcılıqla bağlı layihələrini ikinci plana salıb. TrendLife-a açıqlama verən V.Camalzadə ilk əvvəl səhnəyə can atan müğənnilərin bu həvəsindən danışdı: "Həmişə demişəm və bu gün də bu fikrimin üzərində dayanaraq bildirirəm ki, səhnə, musiqiçi, aparıcı, şoumen olmasından asılı olmayaraq, səhnə adamını sevir. Düzdür, yaradıcılığa yeni başlayanlar arasında yaxşı müğənnilərimiz elə də az deyil. Yəni gənclər arasında kifayət qədər istedadlılar var. Bilirsiniz, digər tərəfdən çoxluğun olması normal haldır. Onsuz da bütün ifaçılar "ələk"dən ələnib keçəcəklər. O vaxtın müğənnilərindən fərqli olaraq sənətə yeni gələnlər yalnız pul haqqında düşünməyə başlayıblar. Bunu isə yalnız qeyri-normal hal kimi qiymətləndirmək olar".

Özünü ulduz adlandıran bəzi sənətçilərin peşəkar səhnədə əl-qol açmasının günahını isə Vüqar bəy KİV-də görür: "Bu amilə ciddi fikir vermək lazımdır. Çünki özünü birinci adlandıran sənətçi mütləq çalışır ki, ilk növbədə medianın diqqətini özünə cəlb etsin. Mən Milli Konservatoriyada müəllim işləyirəm. Keçdiyim dərslərdə tələbələrimə başa salıram ki, ucuz reklam arxasınca qaçmasınlar. Sənətdə rəqib axtarmaq lazım deyil. Birinci olmaq üçün başını aşağı salıb yaradıcılıqla məşğul olmaq lazımdır. Bu, bütün sənətçilərə aiddir".

Xəbər lenti

Xəbər lenti