Ukrayna, Kiyev, 26 fevral/ Trend , Z.Novosvitski/ Kiyevdə, Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qətli qurbanlarının Anım günündə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında piket keçirilib. Piketçilər rəsmi İrəvandan işğal olunmuş Azərbaycan torpaqları, o cümlədən Dağlıq Qarabağı tərk etməyi tələb ediblər.
Ukrayna Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə "Beynəlxalq münaqişələrin dinc yolla həll edilməsi və Azərbaycan torpaqlarının azad edilməsi haqqında" Qətnamə yayılıbvə onun surətini Ermənistanın Ukraynadakı səfiri Qraç Silvanyana təqdim ediblər.
"Biz azərbaycanlılar - Ukrayna vətəndaşları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün müvafiq tədbirlərin tətbiq edilməsi yolu ilə beynəlxalq münaqişənin dinc yolla həllini, deportasiya edilmiş azərbaycanlıların öz doğma evlərinə geri qayıtmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbi ilə Sizə müraciət edirik", - sənədin mətnində deyilir.
Bundan əlavə, azərbaycanlılar, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməsi tələbi ilə ATƏT-in Kiyevdəki nümayəndəliyi qarşısında piket keçiriblər.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal ediblər. O zaman, 613 nəfər, qətlə yetirildi, müxtəlif yaşlı 1000 dinc insan aldıqları güllə yaraları nəticəsində əlil oldular. Qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Faicə gecəsi 1275 dinc sakin əsir götürülüb; onlardan150 nəfərin taleyi haqqında hələ də məlumat yoxdur.