...

"Heç vaxt efir düşgünü olmamışam"-müğənni Xatun

Cəmiyyət Materials 1 Mart 2008 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Müğənniliyə çoxlarından sonra başlayan, amma qısa vaxt ərzində tanınmağı bacaran müğənni Xatun artıq özünə tamaşaçı auditoriyası toplaya bilib. Onun "Səndən ötrü" və "Qara nöqtə" adlı mahnıları hitlər arasında yer alır. Əksər həmkarlarından fərqli olaraq, hərəkətləri və davranışına diqqət edən, özünəməxsus səs tembri ilə seçilən gənc müğənni ilə söhbətimiz zamanı onun bir keyfiyyətini də aşkar etdik. Xatun həm də çox təvazökar insandır. Beləliklə, TrendLife-ın müsahibi Xatundur.

-Əvvəlcə istərdik yaradıcılıq bioqrafiyan barədə qısa məlumat verəsən. Necə oldu bu sənətə gəldin?

-Hər şey birdən-birə olmur. Snətə gəlişin üçün gərək istedadın olsun. Mən uşaq vaxtından musiqi məktəbinin fortepiano şöbəsinə gedirdim. Musiqi ilə bərabər, dinlə də məşğul olurdum. İki yol arasında qalmışdım. Bilmirdim hansını seçim. Artıq evdə hamı bilirdi ki, mənim səsim var, oxuyurdum. Bununla belə, ailəmiz oxumağımı istəmirdi. Fortepiano dərslərinə gedəndə müəllimlərim deyirdi ki, sənin gözəl səsin var, gərək oxuyasan. Mən çox erkən-16 yaşımda ailə qurmuşam və bu da valideynlərimin təkidi ilə olub. Ailə qurandan sonra sənətimi davam etdirə bilmədim. Evliliymiz çox uzun sürmədi və mən ailəm dağılandan sonra yenidən müğənniliyə başladım.

-Səncə, sənətdə poplyarlıq üçün hansı keyfiyyətlər lazımdır və Xatun bu yöndə nəyə nail ola bilib?

-Sənətdə irəli getmək üçün, hər şeydən öncə, səs, istedad lazımdır. Bundan başqa. gündəlik məşq etməyə komanda olmalıdır ki, hər gün öz üzərində işləyəsən. Heç vaxt efir düşgünü olmamışam. "Səndən ötrü" mahnım hitə çevrilmişdi, amma mən efirlərdə görünmürdüm. Heç klip çəklişindən sonra təqdimat mərasimi də keçirtmədim. Müğənninin əsas vəzifəsi öz üzərində işləməsidir. Bir də hər zaman yanında sözün əsl mənasında prodüserin olmalıdır. Düzdür, indi prodüser və sponsor sözünü çox ucuzlaşıdırıblar. Onlarla bağlı kim nə istədi danışır. Allaha çox şükür ki, mənim yanımda sponsorum qardaşım Balaşdır. Adi telefonumun konturuna qədər o, alır. Hər kəsin yanında da başım ucadır. Hətta elə insanlar var ki, mənə qibtə edirlər. Deyirlər ki, nə yaxşı qardaşın var, ancaq sənin üçün çalışır. Qaldı ki, populyar müğənni olmağa, mən sevilən müğənni olmaq istərdim.

-Sənət aləmində artıq müəyyən qədər tanınmısan. Necə hesab edirsən, özünə geniş tamaşaçı auditoriyası toplaya bilmisən?

-Mən düşünürəm ki, hələ heç nə edə bilməmişəm. Ona görə də bu suala dolğun cavab verə bilmirəm.

- Səni başqa həmkarlarından fərqləndirən nədir?

-Fərqləndirən cəhət deyəndə ki, indi şou-biznesdə müğənni həddindən artıq çoxdur. Mən bəzi müğənnilər kimi sənətə özümü göstərməyə gəlməmişəm. Bir mahnı ilə yox, on iki-on dörd mahnı ifa edəndən sonra sənətə gəlmişəm. Studiyalarda qalmışam, gecəmi-gündüzümə qatıb, öz üzərimdə işləmişəm. Sadəcə efirdə görünmək naminə çalışmamışam.

-"İlin mahnısı-2007"də laureat olmusan. Bunu uğur saymaq olarmı?

-Əlbəttə. Amma mən çox uğur istəyirəm. Xatırlatmaq istəyirəm ki, "Səndən ötrü" mahnısı da ilin hit mahnısı seçilib. "Qara nöqtə" mahnısı da mənə böyük uğur gətirib. Onun sözləri və musiqisi Azər Nəsibova aiddir. Ümumiyyətlə, albomum üzərində bu insanın böyük köməyi olub. Nədənsə, onun mahnılarını çox bəyənirəm.

-Eşitdiyimizə görə, özün də mahnı mətnləri yazır, mahnı bəstələyirsən. Doğrudur?

-Bəli. Mahnı bəstələmişəm, amma bu barədə heç kimə ətraflı danışmamışam. İndi onu üzə çıxarmağa bir qədər utanıram. Ona görə yox ki, savadsız və bəsit yazılıb, xeyr, peşəkar bəstəkarlar mahnıya qulaq asandan sonra mənə dedilər ki, indi yazılan musiqilərdən qat-qat üstündür. Sadəcə, istəyirəm ki, bu istedadım hələlik gizli qalsın.

-Əksər müğənnilər toylar olmadan fəaliyyət göstərməyin mümkünsüzlüyün deyirlər. Səni necə, toylara çağırrılar?

-Yox, mən toya getmirəm. Bircə onu deyə bilərəm ki, Azərbaycanda şou-biznes yox, toy biznesi var. Amma elə tanınmış müğənnilərimiz var ki, toylara da gedir, sənətdə də tanınıb, sayılıb-seçilir. Toya gedən müğənniləri də qınamaq olmaz. Müğənni nə etməlidir? Bu gün disklərdən, konsertlərdən gəlir gəlmir.

-Hazırda hansı bəstəkarlarla çalışırsan?

-Azər Nəsibovla işləyirəm. Mən hər şeydə keyfiyyət sevirəm. İndi yazılan mahnıların çoxu standartdır.

-Niyə müğənnilər vətənpərvərlik mövzusuna az müraciət edirlər? Sən bu stildə mahnı oxumağı düşünürsən?

-Fikrim var. Çünki özüm patriot insanam. Bir-iki mahnım var ki, seçim qarşısındayıq. Ondan birini seçən kimi yəqin ki, albomuma həmin mövzuda mahnı da daxil edəcəyəm.

- Ümumiyyətlə, şou-biznes məkanında gündəmdə qalmaq çətindir?

-Çətindir. Belə bir misal var, utanmasan, oynamağa nə var ki. Daim diqqət mərkəzində qalmaq üçün əziyyət çəkmək lazımdır.

-Müğənni kimi hansısa tanınmış sənətkarların yolu ilə getmək istərdin?

-Hazırda xarici müğənnilərə daha çox qulaq asıram. Amma bununla bərabər, Şövkət Ələkbərova, Fatma Mehrəliyevanın lent yazıların dinləyirəm. Özümü kiməsə bənzətmək istəməzdim, öz dəst-xəttimin olmasına çalışıram. Yaxşı xüsusiyyətləri götürmək olar, bənzəmək isə, əsla.

-Şou-biznes sahəsində mütəmadi olaraq qalmaqalların şahidi oluruq. Sənin qalmaqallarla aran necədir?

-Necə deyərlər, döymə taxta qapımı döyməyim dəmir qapını. Biri var gündəmdə qalmaq üçün qalmaqal yaradırsan, biri də var əsl qalmaqala qarışasan. Bizim xalq qalmaqallı verilişləri daha çox sevir. Kanalın birində intellektual veriliş verilirsə və ondan maariflənmək olarsa, digər kanalda isə qalmaqallı veriliş gedirsə, mütləq çevirib qalmaqala baxacağıq. Bu faktdır. Qalmaqal olanda özünü müdafiə etməyi bacarmalısan. Söz var dağa qaldırar, söz var dağdan endirər. Baxır necə və kiminlə.

- Planlarından danışaq...

-Diskimin tammalanma işləri, fotossesiyamdır. Bir neçə layihə üzərində işləiyrik. Amma hələlik bu barədə geniş danışmaq istəmirəm. Tamaşaçıları yenidən təəccübləndirmək niyyətindəyəm.

Xəbər lenti

Xəbər lenti