...

Ötən il Azərbaycan Ombudsmanının ünvanına 7900 müraciət daxil olub

Cəmiyyət Materials 4 Mart 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ. Əlizadə/ Ötən il Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) ünvanına 7900 müraciət daxil olub. Bu barədə Ombudsman Elmira Süleymanova çərşənbə axşamı Milli Məclisdə 2007-ci ilin yekunları ilə bağlı hesabat verərkən bildirib.

Süleymanova qeyd edib ki, bunun 95,6%-ni şikayətlər, 4,4%-ni isə hüquqların pozulması təşkil edib. Şikayətlərin 39,6%-i vətəndaş hüquqlarının, 60,4%-i isə, iqtisadi və sosial hüquqların pozulması ilə bağlıdır. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilib və bunun 40,6%-i təmin olunub. Daxil olan müraciətlərdən 1148-i məhkəmə orqanları, 318-i məhkəmə qərarlarının icra edilməməsi, 430-u yerli icra hakimiyyətləri, 233-ü bələdiyyələr, 356-sı prokurorluq, 725-i polis orqanları və digər dövlət qurumları ilə bağlıdır.

Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 33 660 müraciət daxil olub.

Ombudsman qeyd edib ki, birinci instansiya və apellyasiya məhkəmələri hakimlərinin növbəti təyinatından sonrakı dövrdə, yəni 2007-ci ilin ikinci yarısından etibarən, hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı şikayətlərin sayı azalıb.

Ünvanlı sosial yardımların verilməsindəki nöqsanlarla bağlı, müvəkkilin ünvanına 277 şikayət daxil olub. Müvəkkil tərəfindən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yerli qurumlara 199 sorğu göndərilib. Nəticədə, 33 şikayət təmin edilib.

Ötən dövrdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti olma, müvəqqəti və ya daimi yaşayış hüququnu təsdiqləyən sənədlərin, habelə ümumvətəndaş pasportlarının verilməsində çətinliklər yaranıb. Ombudsmanın hesabatı millət vəkillərinin müzakirəsinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti