...

Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər - Xalq artisti Akif İslamzadə

Cəmiyyət Materials 15 Aprel 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Xalq artisti Akif İslamzadə aylardan bəri davam edən susqunluğunu TrendLife-a danışaraq pozdu. Sənətkarla eksklüziv müsahibə zamanı çalışdıq ki, sənət dünyasında baş verən bir çox qaranlıq məqamlara aydınlıq gətirək. İstəyimizə nə qədər nail olub-olmadığımızı isə sizlərin müzakirəsinə buraxırıq:

- Akif müəllim, istərdik birinci növbədə həmişə sizi müşayiət edən təvazökarlıqdan danışasınız.

- Həmişə yalançı təvazökarlığın əleyhinə olmuşam. İndiki gənc kişi ifaçıları tez-tez mənim repertuarıma müraciət edirlər. Deyə bilmərəm ki, onlar məhz mənim yolumla gedirlər. Amma elə şeylər var ki, bəzən susmağa üstünlük verirəm. Məsələn, heç zaman anam haqqında, özüm barədə fikir söyləmirəm.

- Bir vaxtlar açıqlama ilə çıxış edib deyirdiniz ki, kişi ifaçıların səsində qadın boğazlarını eşitmək adi hala çevrilib. Maraqldır, yenə də bu fikirdə qalırsınız?

- Təkcə kişilərdən danışmamışdım. Elə qadınlar da var, kişi səsi ilə oxuyurlar. Mənim fikrimcə, bu kompleksdir. Cəmiyyət özü də cılızlaşır. Matriarxat cəmiyyət deyə bilərik bugünkü zəmanəmizə. Belə olan halda dəyərlərin dəyişməsi elə də qeyri-adi qarşılanmır. Və acınacaqlı odur ki, bu cür şeylər normaya çevrilir. Hər halda belə olması heç də yaxşı deyil. Amma digər tərəfdən, istedadlı uşaqların bu tərzdə axuması adama pis təsir edir.

- Bir ara kişi ifaçıların qadın boğazları ilə oxumasında pedaqoq-müğənni Teymur Əmrahın da adı çəkilirdi.

- Mən heç vaxt ad çəkməmişəm. O ki, qaldı Teymur Əmrahın ünvanına nəsə söyləməyimə, inanın onun bərəsində hansısa iradla çıxış etməmişəm. Kim nəçidir və nə işlə məşğul olur, qoy ona xalq qiymət versin.

- İstər-istəməz belə bir sual doğur. Əgər Akif İslamzadə gənclərin oxu tərzini bəyənmirsə, nə səbəbdən özünün "ustad kursu"nu təşkil etmir?

- "Ustad kursu" və ya musiqi məktəbinin yaradılması kifayət qədər maliyyə vəsaiti tələb edir. Ancaq hələ ki, bizim sponsorlarla işləməyi düşünmürəm. Çünki bizim bəzi zəngin adamlar pul xərcləmək istəmirlər. Qoy bu sözümdən inciməsinlər. Məsələn, bir neçə istedadlı uşağı bir yerə toplayıb dərs versəm, pul ödəyən sponsor üç aydan sonra gəlib deyəcək ki, bəs filankəsimin toyudur, tələbələrin gəlib oxusunlar. Bilirsiz, mən belə insanlara əsla tacir deyə bilmərəm. Çünki tacir daha dərin düşüncəyə sahib olur. Amma bu sözləri indiki sponsorların 90 faizinə şamil etmək olmaz. Açıq deyirəm, Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər.

- Zamanın nəbzini tutan dırnaqarası müğənnilərə nə məsləhət görərdiniz?

- Elə bilirsiz ki, onlar peşəkar məsləhətinə qulaq verirlər? Sadəcə, bir tövsiyə edərdim ki, yaradıcılıqlarını toy səhnəsi ilə məhdudlaşdırmasınlar. Çünki, nə qədər bəzi müğənnilər ancaq toy oxumaqla özlərini "N1" sayacaqlar, əminliklə deyirəm ki, heç vaxt sənət zirvəsinə ucalmaq onlara nəsib olmayacaq.

Xəbər lenti

Xəbər lenti