Azərbaycan, Bakı, 07 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının "Neftçi" ilə "Xəzər-Lənkəran" arasında 24-cü tur çərçivəsində keçiriləcək oyunu Almaniyadan olan hakimlər briqadası idarə etməyə bilər. "Biz bu oyunu idarə etmək üçün hakim göndərilməsi xahişi ilə Almaniya Futbol Federasiyasına xeyli əvvəldən müraciət etmişik. Amma ola bilər ki, "Neftçi" - "Xəzər-Lənkəran" oyununu yerli hakimlərimiz idarə etsin. Çünki almanlar hələ də müraciətimizə cavab verməyib. Onlar sabah da müraciətə cavab verməsə, oyunu öz hakimlərimiz idarə edəcək", çərşənbə günü Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
"Neftçi" - "Xəzər-Lənkəran" oyunu mayın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Məmmədov bildirib ki, bu oyunu Azərbaycanın FİFA dərəcəli hakimlərindən birinin idarə etməsi mümkündür.
Azərbaycanda FİFA dərəcəli 3 hakim var. Onlardan Vüsal Əliyev zədəli olduğu üçün mayın 11-də keçiriləcək oyuna çıxa bilməz.
Hazırda davam edən Premyer-Liqanın 3 oyununu Almaniyadan olan hakimlər idarə edib. "İnter"lə "Neftçi" arasında keçirilən ölkə kuboku oyununun hakimləri də Almaniyadan olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]