Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Safura
Rəşid Behbudov adına Mahnı Teatrının kollektivi Xəzər dənizindəki Çilov adasında konsert proqramı ilə çıxış edib. Kollektiv adadan maraqlı təəssüratlarla qayıdıb.
Konsertdə çıxış edən müğənni Elza Seyidcahan ada ilə bağlı təəssüratlarını TrendLife-la bölüşüb.
Adanın möcüzəli bir yer olduğunu deyən Elza xanımın sözlərinə görə, ora vertolyotla uçublar. Səfər ərəfəsində müğənninin özü qorxmasa da, anası çox narahat olub: "Xarici ölkələrə səfər etdiyim zaman anam heç bu qədər narahat olmurdu. Adaya gedəcəyimi eşidəndə məni bu səfərdən daşındırmığa çalışdı. Lakin onunla razılaşmadım". Müğənninin sözlərinə görə, Çilov adasındakı həyat nə şəhər, nə də kənd həyatına bənzəyir. Hər tərəfi su olan adanın sakinləri də su qədər saf təəssürat bağışlayırdılar. Onlar bizi çox mehriban qarşıladılar. Konsertdən sonra ziyafət də oldu. Gözəl süfrə açmışdılar. Xüsusi ilə balıq məhsullarından hazırlanmış təamlar bol idi. Evə dönəndə hər birimizə balıq da pay verdilər".
Tədbirin adada yaşayan insanlara sevinc bəxş etdiyini deyən Elza Seyidcahan bu səfərdə Gülyanaq Məmmədovanın olmadığını təəssüf hissi ilə söylədi: "Hər səfərdə bizimlə olan Gülyanaq Çilov adasına gedə bilmədi. Ana olmağa hazırlaşdığına görə həkimlər ona vertolyota minməyə icazə vermədilər".
Elza Seyidcahan Çilov adasına o qədər vurulub ki, növbəti klip çəkilişlərini bu sehrli, nağılabənzər məkanda həyata keçirməyi düşünür.