...

Azərbaycanda məmurlar məhkəmə qərarlarının icrasına mane olurlar

Cəmiyyət Materials 21 May 2008 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir K.Zərbalıyeva/ Bakı şəhər sakini Aybəniz Yusifovanın mənzili 1993-cü ildən məcburi köçkünlər tərəfindən tutulub. O, pozulmuş mülkiyyət hüququnun bərpası üçün 2003-cü ildə Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə Yusifovanın şikayətini qismən təmin edərək, cavabdehlərin Sumqayıt şəhəri ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmaqla çıxarılması və həmin mənzilin mülkiyyət sahibinin istifadəsinə verilməsi barədə qərar verib. Qaçqınların ailə üzvləri ilə birlikdə zəruri tələblərə cavab verən yaşayış sahəsi ilə təmin edilməsi ,vəzifə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Apellyasiya Məhkəməsi isə ,20 aprel 2007-ci il tarixli qətnaməsi ilə, onun iddiasını tam təmin edərək, mənzili tutan şəxslərin mənzildən çıxarılması və mənzilin Yusifovanın sahibliyinə və istifadəsinə verilməsi barədə qərar çıxarıb. Ali Məhkəmə də bu qətnaməni dəyişdirmədən saxlayıb. Lakin dərhal qüvvəyə minən və icra edilməli olan qətnamə bu günə qədər icra edilməyib. Yusifova məhkəmə icraçıları ilə birlikdə həmin mənzilə gəlib və məhkəmə qətnaməsinin icra olunaraq, mənzilin boşaldılmasını tələb edib. Mənzili tutan şəxslər ev sahibinə xəsarət yetirərək, ona bu haqqını reallaşdırmağa imkan verməyiblər. Ərizəçi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququ (6-cı) və Konvensiyanın 1 saylı Protokolunun mülkiyyət hüququ (1-ci) maddələrinin pozulmasından Avropa Məhkəməsinə şikayət verib.

Mülki işlərlə bağlı qəbul edilən və icraya yönəldilən məhkəmə qərarlarının böyük qisminin icra olunmaması artıq adi bir hala çevrilib.

Xüsusən də mülkiyyət hüququnun bərpası ilə bağlı çıxarılan qərarlar ya icra olunmur, ya da icra gecikdirilir.

Məcburi köçkünlərin zəbt etdikləri evlərdən çıxarılması sosial partlayışa səbəb ola bilər

Mənzilləri məcburi köçkünlər tərəfindən zəbt olunmuş vətəndaşların mülkiyyət hüquqlarının bərpası ilə bağlı məhkəmə qərarlarının icrası sahəsindəki vəziyyət daha dözülməzdir.

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" 21 may 1999-cu il Qanununda qeyd olunub ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu qəbildən olan işlərə baxan məhkəmələr vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası barədə qərar qəbul etsə də, bir qayda olaraq, həmin qərarların icrası işgal altında olan rayonların geri qaytarılmasınadək təxirə salınır.

Avropa Məhkəməsi Valentina Akimovanın Azərbaycana qarşı şikayəti üzrə qərar qəbul etsə də, indiyədək məcburi köçkünlər tərəfindən mənzilləri zəbt olunmuş vətəndaşların problemi həllini tapmayıb.

Hökumət , Akimovanın işi ilə bağlı, Avropa Məhkəməsi ilə yazışmalarında mülkiyyət hüququna müdaxilə olduğunu etiraf etsə də, qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində, ərazilərdən 700 mindən artıq şəxs məcburi köçkün düşüb. Onların əksəriyyəti inzibati binalarda, dövlət binalarında və qaçqın düşərgələrində yerləşdirilib. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarı ilə onları evsiz qoya, sosial gərginlik və partlayışa səbəb ola bilər. Ona görə də, ərizəçinin hüquqlarının müvəqqəti məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb.

Ekspertlər Azərbaycanda məhkəmə qərarlarının icra olunmamasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

Vəkil Aslan İsmayılov məhkəmə qərarlarının icra olunmamasının əsas səbəbini, ilk növbədə, bu sahədə qanunvericiliyin icra olunmaması ilə əlaqələndirir.Onun sözlərinə görə, məhkəmə qərarları icra olunarkən tapşırıq, rüşvət, vəzifəli şəxslərin müdaxiləsi mühüm rol oynadığından, qərarların icrası yubanır.

Məhkəmə qərarlarının icrası müstəqil quruma həvalə edilməlidir

Vəkil hesab edir ki, vətəndaşların hüquqi savadsızlığı da qərarların icrasına təsir edən amillərdəndir.

"Vətəndaşlar məhkəmə icraçılarını özlərini öldürməklə, yandırmaqla hədələyirlər. Hətta bu halda, məhkəmə icraçıları qərarı icra etməlidirlər. Vətəndaşlar anlamalıdır ki, məhkəmə qərarlarının icrası hamı üçün məcburidir",- deyə İsmayılov vurğulayıb.

Bu sahədə islahatlara ehtiyac olduğunu deyən vəkil bildirib ki, məhkəmə qərarlarının icrasını həyata keçirən Məhkəmə İcraçıları Baş İdarəsi Ədliyyə Nazirlinin tabeçiliyindən çıxarılmalı və müstəqil qurum kimi fəaliyyət göstərməlidir. "Bu, məhkəmə icraçılarının daha müstəqil olması üçün lazımdır. Məhkəmə icraçılarına hədı-qorxular, təzyiqlər coxdur. Ona görə də, onların statusu artırılmalıdır",- deyə İsmayılov vurğulayıb.

Hüquqşünas-ekspert Rəşid Hacılı isə, məhkəmə qərarlarının icra olunmamasının ilk və əsas səbəbini məhkəmə hakimiyyətinin müstəqil güc sahibi olmaması ilə əlaqələndirib.Məhkəmə hakimiyyətinin icra hakimiyyətindən asılılığını deyən vəkil bildirib ki, məhkəmə qərarlarının icrası hakimlərdən asılı deyil.

İkinci səbəb kimi isə, Məhkəmə İcraçıları Baş İdarəsinin öz vəzifələrini yerinə yetirə bilməməsini qeyd edən ekspert deyir ki, çox zaman qərarlar vəzifəli şəxslər, dövlət məmurları və dövlət təşkilatları ilə bağlı olduğundan, icraçıların həmin qərarları nı həyata keçirməyə gücü çatmır. Məhkəmə İcraçıları Baş İdarəsinin müstəqil qurum kimi fəaliyyət göstərəcəyi təqdirdə, problemin həllinə ümid etməyən vəkil hesab edir ki, həmin idarənin Ədliyyə Nazirliyinin tərkibində qanunauyğun şəkildə fəaliyyəti daha məqsədəuyğundur.

Məhkəmə qərarlarının icrasına nail olmaq üçün, ilk növbədə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və cəmiyyətdə nüfuzunu qaldırmağa nail olmağı vacib sayan Hacılı qeyd edib ki, vətəndaşlarda qərarların ədalətliliyinə inam olmadığından, məhkəmə qərarlarını icra etmək istəmirlər. "Məhkəmə hakimiyyəti güclü olarsa, qərarları icra etməyən şəxslər barəsində məhkəmələr ədalətli qərar qəbul edərsə, qərarlar da vaxtında icra olunar",- deyə Hacılı bildirib.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev Trend ə bildirib ki, məhkəmə qərarlarının icra olunmaması daha cox obyektiv səbəblərlə bağlıdır.

" Belə ki , əksər vaxtlarda borclu axtarılır - tapılmır, ödəməni yönəltmək üçün borclunun əmlakı olmur. Əgər borclunun bir yaşayış evi varsa və ailəsi ilə orada yaşayırsa, icranın həmin evə yönəldilməsinə qanun icazə vermir. Borclunun iş yeri, heç bir əmlakı olmur və bu səbəbdən də məhkəmə qərarı icra edilmir", -deyə Mirzəyev vurğulayıb.

Ali Məhkəmənin hakimi qeyd edib ki, vətəndaş məhkəməyə müraciət edərkən ilk mərhələdə birinci instansiya məhkəməsi icranı təmin etmək məqsədilə, mübahisələndirilən əmlak üzərinə həbs qoymalıdır.

"Hesab edirəm ki, belə olarsa, məhkəmə qərarları daha operativ icra olunar", - deyə Mirzəyev vurğulayıb.

Mirzəyev deyib ki, qanunvericilikdə Apellyasiya məhkəməsinin qətnaməsindən sonra, məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi də bu sahədə problemlər yaradır. Onun sözlərinə görə, Mülki-Prossesual Məcəlləyə təklif olunan dəyişikliklərdən biri də, Apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında işə baxılıb qutaranadək məhkəmə qərarının qüvvəyə minməməsi və icraya yönəldilməməsidir.

"Hesab edirəm ki, bu dəyişiklikdən sonra məhkəmə qərarlarının icrası sahəsindəki problemlərin böyük qismi həllini tapacaq",- deyə Ali Məhkəmənin hakimi bildirib.

Mirzəyev icranın yubanmasının bəzi hallarda məhkəmə icraçılarından da asılı olduğunu deyib. Onun sözlərinə görə, məhkəmə icraçıları qərarın vaxtında icra olunması üçün operativ tədbirlər həyata keçirmirlər.

Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsindən verilən məlumata görə, ötən il yerli məhkəmə icraçıları qurumlarının icraatında olmuş 100 mindən çox icra sənədi üzrə tədbirlər həyata keçirilib.

Nazirlikdən bildirilib ki, bu sahədə vətəndaşlardan daxil olan şikayətlərin sayı 2006-cı illə müqayisədə 10,% azalıb.

İdarədən məhkəmə qərarlarının icrasına mane olan və icranı ləngidən obyektiv və subyektiv səbəblərlə bağlı fikir öyənmək mümkün olmayıb.

Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanı böyük məbləğdə cərimələr gözləyir

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarların üçü (İsmayıllı rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş direktoru Bəhram Tarverdiyev, Respublika Doğum Evinin baş həkimi Lətifə Əfəndiyevanın və Akimovanın şikayətləri üzrə) məhkəmə qərarlarının icra olnmaması ilə bağlıdır.

Həmin qərarlarda məhkəmə qətnamələrinin icra olunmaması Konvensiyanın pozuntusu kimi tanınıb və ərizəçilərin şikayəti təmin olunub.

Ekspertlər hesab edirlər ki, Avropa Məhkəməsinə göndərilən bu qəbildən olan şikayətlərlə bağlı Azərbaycan hökumətinə qarşı çoxsaylı qərarlar çıxarılacaq və hökumət böyük məbləğdə cərimələnəcək. Bu hal baş verməsin deyə, ekspertlər vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpası istiqamətində hökumətin təxirəsalınmaz tədbirlər görülməsini vacib sayır.

Vəkil Aslan İsmayılov isə, məhkəmə qərarlarının icra olunmaması ilə bağlı Avropa Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi qərarlarının bu sistemin təkmilləşdirilməsində rol oynayacağına əmindir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuata açıqlamasında bildirib ki, məcburi köçkünlər tərəfindən mülkiyyət hüquqları pozulmuş vətəndaşların problemi yaxın gələcəkdə həllini tapacaq.

Rzayev bildirib ki, həmin vətəndaşların problemini həll etmək üçün dövlət yaxın gələcəkdə konkret addımlar atacaq.

Artıq bu problemin həlli yolunun tapıldığını və müsbət həll oluncağını deyən Rzayev görüləcək tədbirlər haqqında məlumat verməyib.

Ali Məhkəmənin 2005 - ci ilin iyun-iyul aylarından sonra məcburi köçkünlər tərəfindən mənzilləri tutulmuş vətəndaşların şikayətlərinə baxılmasının dayandırıldığını deyən Rzayev bildirib ki, indiyədək bu qəbildən olan işlərlə bağlı 366 qərar qəbul edilib.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bu qurumun Azərbaycana qarşı çıxardığı qərarlardan sonra, məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə hökumətin gördüyü və görəcəyi tədbirlər barədə məlumatsız olduğunu deyib.

Məhkəmə qərarının icra edilməməsi cinayət məsuliyyəti yaradır

Cinayət Məcəlləsinin 306-cı maddəsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə cinayət məsuliyyətini nəzərdə tutur.

Bu əməl vəzifəli şəxs tərəfindən törədildikdə, şərti maliyyə vahidinin min mislindən iki min mislinədək cərimə və ya 2 ilədək islah işləri və ya 3 ilədək müddətə vəzifə tutma yaxud müəyyən fəaliyyətlə məşgul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Ekspert Hacılı bildirib ki, praktikada məhkəmə qərarlarını icra etməyənlər barəsində cinayət məsuliyyəti ilə bağlı məsələ fraqmental xarakter daşıyır. "Əgər nazir məhkəmə qərarını icra etmirsə, o, cinayət məsuliyyətindən azaddır. Yalnız nazir vəzifəsindən çıxarılarsa, o, cinayət məsuliyyətə cəlb oluna bilər",- deyə ekspert vurğulayıb.

Sabiq səhiyyə naziri Əli İnsanov barəsində, məhkəmə qərarını icra etməməyə görə, vəzifədən çıxarılandan və həbs olunandan sonra cinayət işi açılıb və məsuliyyətə cəlb edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsindən verilən məlumata görə, ötən il məhkəmə qərarlarının icrası ilə bağlı məhkəmə icraçılarının qanuni tələblərini yerinə yetirməyən 536 şəxs inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə qərarını icra etmədiyinə görə, məhkəmə icraçılarının təqdimatlarına əsasən, 196 şəxs barəsində cinayət işinin başlanılması haqqında xüsusi qərardad çıxarılıb.

Yazı GTZ-nin "Məhkəmə qərarlarının icrası" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti