...

Prezidentliyə namizəd Makkeyn Azərbaycanı dəstəkləyəcək – diaspor rəhbəri

Cəmiyyət Materials 5 İyun 2008 18:50 (UTC +04:00)

Böyük Britaniya, London, 05 iyun/ Trend müxbir G.Əhmədova/ Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri hesab edir ki, Con Makkeyn ABŞ prezidenti seçildiyi halda, o, Azərbaycanı dəstəkləyəcək. "Makkeyn Qafqazda baş verən hər bir şey barədə xəbərdardır və o, ABŞ-da prezident seçkilərində qələbə çalarsa, Azərbaycan üçün mümkün olan hər bir şeyi edəcək", - Azəri cümə axşamı elektron poçtla Trend -a müsahibəsində bildirib.

Diaspor təşkilatının başçısı hesab edir ki, ABŞ-ın Demokratlar Partiyasının prezident seçkilərində vahid namizəd irəli sürməsi Makkeynin seçkilərdə qələbə çalmaq şansını azaldacaq. Tomris Azərinin rəyinə görə, demokratlar seçkilərdə qələbə qazanarlarsa, bu, Azərbaycanın xeyrinə olmayacaq. "Bunun üçün biz öz fəaliyyətimizi düzgün qurmalı və səbrlə çalışmalıyıq", - o əlavə edib.

Azəri hesab edir ki, ABŞ-da erməni diasporunun fəallığı rəsmi Vaşinqtonun "Osmanlı imperiyasında ermənilərin soyqırımının tanınmasına" dair baxışlarını, çətin ki dəyişsin. "Mən artıq 40 ildir ki Amerikada yaşayıram və prezidentliyə namizədliyini irəli sürmüş bütün namizədlər sözdə "soyqrımı" tanıyacaqlarını vəd ediblər. Lakin prezident seçildikdən sonra hər şey dəyişir və aydın oldur ki, hər şey heç də asan deyil", - Azəri söyləyib.

O hesab edir ki, Türkiyə ABŞ, İsrail üçün çox vacib ölkədir və "soyqırımı" tanımaq o qədər də asan olmayacaq.

Bu günlərdə Amerika ermənilərinin Milli Assambleyası "1 mln. açıqca kampaniyası" çərçivəsində, senator və ABŞ prezidentliyinə namizəd Makkeynə məktub göndərib. Erməni diasporu məktubda indiyədək yalnız Makkeynin və ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qorun "erməni soyqırımın tanınmasına" münasibətdə mövqelərini konkretləşdirməmələri ilə bağlı narahatlığını ifadə edib.

Cənubi Dakota və Montana ştatlarında keçirilmiş sonuncu praymeriz iyunun 3-də baş tutub. Burada Barak Obama Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsini təmin edib. ABŞ tarixində ilk dəfə olaraq ölkənin əsas siyasi partiyalarından birini prezident seçkilərinə qaradərili siyasətçi aparacaq. Respublikaçılar partiyası əsas namizədi daha əvvəl müəyyən edib; Arizona ştatından 71 yaşlı senator Con Makkeyn. Bu barədə çərşənbə günü İTAR-TACC məlumat verib.

Xəbər lenti

Xəbər lenti