...

"Film tərcüməçilərinə verilən qonorar dilənçi payıdır"-Vaqif Əlixanlı

Cəmiyyət Materials 11 İyun 2008 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /TrendLife müx. Günel Əhmədova/

Sirr deyil ki, dublyaj işinin keyfiyyətli alınması üçün səriştəli tərcüməçilər ordusu, istedadlı aktyorlar və Azərbaycan dilinin incəliklərini bilən redaktorlara ehtiyac duyulur. "Bunların hamısı üçün ən əsası maliyyə vəsaiti lazımdır",- deyən "Space" telekompaniyasının dublyaj redaksiyasının rəhbəri Vaqif Əlixanlı bu və bir sıra məqamlara TrendLife-da aydınlıq gətirdi:

"Dublyaj uzaqdan çox adi, o qədərdə istedad və zəhmət istəməyən bir iş təsiri bağışlayır. Halbuki, belə bir təsəvvür ancaq həmin işdən baş çıxarmayan kəslərin nəzər nöqtəsidir. Dublyajın keyfiyyəti ancaq yüksək səviyyədə olmalıdır. Film orta səviyyədə çəkilə bilər, teatr tamaşası yaxud televiziya-radio verlişi, lap elə qəzet məqaləsi də yüksək sənət və ya qələm meyarına uyğun gəlməyə bilər. Dublyajın başlıca keyfiyyəti bu çevirmənin ustalığında, orjinalın ruhunu saxlamaqla, çevrilən dilin zənginliyini, dadını-duzunu çatdırmaq, konkret desək, anamız azərbaycan türkcəsini nə qədər təəcüblə görünsə də özümüzə sevdirməkdir.

- Kinonun "səssiz" dövründə yəqin ki, dublyaja ehtiyac olmayıb...

- Bəli, kinonun "səssiz" dövründə filmləri istər canlı, istərsə ekrandan musiqi müşayiət edirdi. Musiqi ekrandakı ovqatı, qəhrəmanların hal-əhvalını lazımınca, qədərincə "dublyaj" eləyirdi. Bir də axı, Qriffitin ekran əsərini, Çarli Çaplinin məzə dolu, kiçik faciələrini başqa dillərə "çevirməyin" nə mənası vardı ki?! İndinin özündə də Çaplinin filmlərində hər hansı altyazısı, subtitr artıq görünür. Çünki, Çaplinin eləcə də Maks Linderin, Bester Kitonun kino dilini dünyanın dörd bir həndəvərində, balacadan-böyüyə kimi hamı başa düşür. Bəlkə də ona görədi, Çarli Çaplin dünya kinosunun "Everesti" olaraq qalmaqdadır.

- Və sonra kino-sənətində səs-söz meydana gəldi...

- Kinoda sözün "hökmü" artdıqca, bu sözləri başqa dillərə anlatmaq ehtiyacı da ortaya çıxdı. Bu ehtiyac müvafiq texniki vasitələri də yaratmış oldu. Kino, sizin dediyiniz o inteqrasiya mərhələsində ən tez qavranılan, bu səbəbdən çox vacib elementlərdən sayılır. Tutaq ki, biz bu gün müasir italiyan mədəniyyəti ilə yaxından tanış olmaq istəyiriksə, təbii ki, onun kino sənətinə göz yuma bilmərik. Əgər italiyan dilini bilmiriksə bu tanışlıqda dublyajsız keçinmək demək olar ki, mümkün deyil. Hələ onun qeyri məziyyətlərini demirəm.

- Ancaq o məziyyətləri desəydiniz daha yaxşı olardı.

- Sovetlər çökəndən sonrasını deyirəm. Amma əvvəlcə çökməmişdən əvvəli deyim. Sovetlər əyyamında da imperiya daxilində çəkilən filmlər respublikalarda yerli dilə dublyaj olunurdu. Rus filmlərinə, təbii ki, Moskvanın hökmüylə daha üstünlük verilirdi. Ancaq, bununlabelə artıq hər respublikada dublyaj studiyası "özünü tutmuşdu". Hətta ən məşhur aktyorların ustalığı sayəsində bəzən dublyaj şedevrləri də yaranmaq üzrəydi. O vaxt A.Həbubinin rejissorluğu ilə Səməndər Rzayevin "Kral Lir" də J.Jarveti səsləndirməyini Azərbaycan dublyajının ən yaxşı nümunələrindən hesab etmək olar. Ümumiyyətlə, o vaxtkı dublyajda ən müqtədir aktyorlar iştirak edirdi. Həmin adət-ənənə

rus kinosunda indinin özünəcən bir məktəb halında yaşamaqdadı. Fikir versəniz adicə rus çizgi filmlərinin səslənişində rus aktyor sənətinin J.Leonov, A. Kalyahin, V. Tixonov, A.Papanov, J.Jakovlev və başqa bu kimi ustaların bütün heyvan rollarında səslərini eşidirsiniz. Nə isə mövzudan uzaq düşməyək.

- Müasir dublyajın başqa məziyyəti deyəndə daha nəyi nəzərdə tutursunuz?

- Bayaqki sözümün üstünə qayıdıram. Sovetlər çökəndən sonrasına...Mənim fikrimcə, dublyaj postsovet məkanında ana dillərinimöhnətdən qurtulub dirçəlməyində az qala yeganə tutarqa rolunu oynamaq üzrədir. Bəla burasındadır ki, biz "dəmir qapının" arxasında bəzən məcburən, bəzən zorən "dilimizin altında" gizlətdiyimiz ana dilimizi salıb, itirməyə başladıq. Qeyri dillərin qatışığı ilə qarışdırmağa böyük həvəslə razılaşdıq. Ziyanın yarısından qayıtmasaq, mənim gözümə işlər fəna görünər.

- Bu ildən telekanallarımızda əcnəbi dillərdə filmlərin, verlişlərin yasaq olmasına necə baxırsınız?

-Mənim nəzərimdə bu son dərəcə dəyərli bir addımdır. Ola bilər gerçəkliyə mənim baxdığım pəncərə və o pəncərədən gördüyüm mənzərə sizə qəribə görünsün. Məsələn, belə hesab edirəm ki, bu günkü Azərbaycan iqtisadiyyatı öz yerində. Azərbaycan mənliyi Muğama söykənib ayağa qalxır. Mənliyimizin bir sütunu da ana dilimizdir. Düzdür, bir neçə il bundan əvvəl çoxsaylı bir dil komissiyası da yaradılmışdı. O komissiya anadan ölü doğulmuşdu, eləcə kağız üstündə də qaldı. Şəxsən Azərbaycan Milli Televiziya və Radio Şurasının dublyaj barədə bu qərarını son illərdə dilimizin qorunması və inkişafı naminə ən xeyirli, son dərəcə gərəkli bir tədbir sayıram.

- Açığı, bəziləri bu qərara dodaq büzür, nəyə lazım deyirlər...

- Mən də açıq deyəcəyəm. Bu qərara, dediyiniz kimi dodaq büzənlərin, qıyğacı baxanların, yumşaq desək, milli təəsübkeşliyinə, lap dəqiq desək, milli mənliyinə şübhəm var. Dilin qədrini bilməyən, nə yurd yerlərini, nə dədə-baba qəbrlərinin, nə də dost-doğma torpağın qədrini bilməyəcək. Bunun özgə izahı yoxdur.

- Vaqif müəllim, dublyaja qayıdaq. Çox vaxt Azərbaycan telekanallarında göstərilən filmlərin dublyaj keyfiyyəti istənilən səviyyədə olmur.

- Söhbət dublyajın səviyyəsindən gedir. Bəzən çox nadir hallarda mükəmməl dublyaj səviyyəsinə rast gəlirsən. Qalanı isə orta, ortadan da aşağı. Fikrimcə, dublyaj yüksək səviyyəli olmalıdır. İstər tərcümə, istər aktyor oyunu, istərsə texniki baxımdan. Biri yerində olmayanda keyfiyyət aşağı düşür. Orta səviyyəli dublyaja isə baxmaq mümkün deyil. Yorur, bezdirir, hətta iyrəndirir də! O ola ki, bizim neçə illərdi qulağımız rus dilinə öyrəşib, çox filmləri o dildə təsəvvürə gətiririk. Qulağımızı ana dilimizdəki dublyaja alışdırmaq üçün dublyajda hər element yüksək, hətta ali keyfiyyətdə yerinə yetirilməlidir. Tərcümə, redaktə, aktyorlar, səsləniş ən cüzi xırdalıqları belə. Bir çoxunun dediyim kimi, qulağından ana dilimizin avazı sovurulub gedib. O doğma ahəngi qaytarmaqda telekanallarımız, göstərilən dublyaj filmləri müstəsna rol oynamalıdır.

- Baxırsan film bir səslə oxunur, hətta qadın səslərini də kişi oxuyur. Ən yaxşı halda filmdə 2-3 səsdən artığı eşidilmir. Belə etinasızlığın səbəbi başdansovduluq deyilsə, bəs nədir?

- İndi gəlib çıxdıq lap əsas məsələnini üstünə. Dublyaj aralıdan çox asan görünür. Bu proses dediyim kimi ayrı-ayrı məqamlardan ibarətdir. "Dublyaj hökmü" özlüyündə əlbəttə ki, gözəldir. Amma, gəlin görək özəl telekanalların buna nə dərəcədə imkanı çatır? Axı, dublyaj maddi imkan istəyir. Özəllər məlumdur ki, reklam hesabına nəfəs alır. Ölkəmizdə iqtisadiyyat yüksəlişdədir. Müvafiq reklam bazarı isə həddən artıq kassaddır. Bunun telekanallara, KİV-lərə münasibətdə mexanizmi işlənməyib. Bu günkü tələbat baxımından dublyaj üçün texniki avadanlıq almağa külli miqdarda pul lazımdır. Şübhəsiz ki, işin sürəti üçün peşəkar tərcüməçilər, redaktorlar, aktyorların olmağı vacibdir. Bu gün ölkəmizdə Azərbaycan dilininin icəliklərindən baş çıxaran film tərcüməçilərinə verilən qonorar Avropa bir yana qalsın, MDB ölkələri ilə müqayisədə dilənçi payıdır. Aktyorlara da həmçinin. Bu səbəbdən, siz deyən kimi 6-7 rolu bir nəfər səsləndirməyə məcburdur. Belə olduqdaəlbəttə ki, dublyajın yarıtmazlığı çox vaxt televiziyaların günahı deyil. Məsələ gəlib "maliyyə divarına" dirənir. "Bəlkə də qaytardılar" gümanı ilə yanaşanlar da var. Birdəfəlik başa düşülməlidir ki, o güman ağacı batdı və bir də göyərməyəcək...

- Vaqif müəllim, bəs vəziyyətdən çıxış yolu necə olardı?

- O olardı ki, əvvəlcədən dövlətə müraciət olunaydı, məsələnin ciddiliyini bir daha nəzərə çatdırılardı. Onsuzda dövlət mədəniyyət sahəsində görülən işlərə çox həvəslə vəsait ayırır. Həmin vəsait "özəllər" arasında məhz dublyajın qurulmasına, tərcüməyə, aktyor oyununa sərf olunsaydı,yəni biz bu işə artıq tam hazır vəziyyətdə yetişərdik. Əlimyandıda subtitrin bir səslə oxumağın ümidinə qalmazdıq.

Xəbər lenti

Xəbər lenti