Türkiyə, Ankara, 14 iyun / Trend , müxbir T.Əliyev/ Ankarada Azərbaycan-Türkiyə Tarixi Araşdırma Fondunun ilk iclası işinə başlayıb. Türk Tarix Qurumundan şənbə günü Trend -a bildiriblər ki, Azərbaycan-Türkiyə Tarixi Araşdırma Fondunun məqsədi (ATAF) hər iki ölkə üçün mühüm problem olan ermənilərin soyqırım iddialarının qondarma olduğunu və əsl soyqırımın onlar tərəfindən törədildiyini dünyaya sübut etmək və bu istiqamətdə araşdırmalar aparmaqdan ibarətdir.
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türk Tarix Qurumu, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Bakı Dövlət Universitetinin rəhbərləri tərəfindən imzalanan dördtərəfli əməkdaşlıq protokolu çərçivəsində yaradılan ATAF ötən ilin dekabrında Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Azərbaycan-Türkiyə Tarixi Araşdırma Fondunun ilk toplantısının gündəliyində Fondun strategiyası və strukturlarının müəyyənləşdirilməsi, İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi məsələləri var. Toplantıda həmçinin ATAF Təftiş Komissiyasının tərkibi müəyyənləşməlidir. Fondun 2008-ci il üçün fəaliyyət proqramı və heyətin təsdiqi ilə digər məsələlərin müzakirəsi də nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]