Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubunun heyəti Makedoniyadan, Serbiyadan və Braziliyadan olan futbolçularla güclənəcək. Bu barədə çərşənbə günü Trend -a klubun mətbuat xidməti məlumat verib.
"Qəbələ" klubunun rəhbərliyi Makedoniyadan və Serbiyadan bir, Braziliyadan isə iki futbolçunu baxışa dəvət etmək niyyətindədir. Braziliyadan olan futbolçuların baxışa dəvət olunması "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovu bu ölkəyə səfərə çıxmaq fikrindən daşındırıb. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, baş məşqçi Braziliyaya səfər etməklə baxışa dəvət olunan futbolçuları izləmək niyyətində imiş. Amma hər iki oyunçunun baxışdan keçmək üçün Azərbaycana dəvət olunması Məmmədovu fikrindən daşındırıb.
"Qəbələ" futbol üzrə növbəti mövsümə hazırlığın ilk mərhələsini Mingəçevir şəhərində keçirəcək. Hazırlığa iyunun 21-də start veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]