...

"Azadlıq" qəzetinin jurnalisti məhkəməyə məcburi gətirilib

Cəmiyyət Materials 3 İyul 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlili cümə axşamı polis tərəfindən Nəsimi rayon məhkəməsində keçirilən prosesə məcburi gətirilib.

Nəsimi rayon məhkəməsinin iyulun 1-də keçirilən iclasında Xəlilin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib. Qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılıb.

Trend -un məlumatına görə, saat 10.30-a təyin olunan proses qərar icra olunmadığından bir saat müddətinə təxirə salınıb.

Həmin müddətdə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Xəlili məhkəməyə məcburi gətirib.

Prosesdə çıxış edən Xəlil vəkili Elçin Sadıqovun Ali Məhkəmədə başqa prosesdə iştirak etdiyini əsas gətirərək vəkili olmadan məhkəmədə ifadə verməyəcəyini bildirib. Bu səbəbdən də prosesdə yenidən fasilə elan olunub.

Vəkil məhkəməyə gələndən sonra proses davam etdiriləcək.

Trend -un arayışı: "Azadlıq" qəzetinin müxbiri Xəlil bu il martın 13-də Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə baş verən gündən Xəlil hadisənin əvvəllər "Zeytun bağı"adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olmasını, iki nəfər şəxs tərəfindən izlənildiyini bildirib.

Baş Prokurorluğun yaydığı məlumatda isə jurnalistin qeyri-ənənəvi cinsi orentasiyaya malik şəxslər tərəfindən bıçaqlandığı bəyan edilib. Belə ki, Xəlilin əvvəllər tanıdığı və onunla intim əlaqədə olmuş Sergey Strekalin tərəfindən bıçaqlandığının istintaqla sübuta yetirildiyi qeyd olunub.

Strekalin Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127.1) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama (234.1) maddələri ilə təqsirli bilinərək həbs olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti