...

Makedoniyalı futbolçunun Azərbaycanın "Bakı" klubuna transferi rəsmiləşib

Cəmiyyət Materials 9 İyul 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Makedoniya yığma komandasının üzvü Georgi Xristovla bir illik müqavilə bağlayıb. Bu barədə çərşənbə günü Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

"Bakı"nın makedoniyalı futbolçu ilə iki illik müqavilə bağlayacağı gözlənilsə də, klub rəhbərliyi son anda onunla bir il üçün nəzərdə tutulan müqavilə bağlayıb.

Azərbaycan Xristovun legioner futbolçu kimi çıxış edəcəyi sayca onuncu ölkə olacaq. Təcrübəli futbolçu əvvəllər Makedoniya, İngiltərə, Hollandiya, İsrail, Serbiya, Kipr, Yunanıstan, Şotlandiya və Macarıstan çempionatlarında çıxış edib. O, "Barnsli" klubunun heyətində İngiltərə Premyer-Liqasında bir neçə dəfə qol vurub.

Makedoniya yığma komandasının heyətində on il çıxış edən Xristov səkkiz dəfə rəqib qapılarından top keçirməsi ilə yadda qalıb.

"Bakı" komandasının baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Xəbər lenti

Xəbər lenti