...

Azərbaycan millisinin almaniyalı məşqçisi ona etimadsızlıq göstərənlərin yanlış fikirləşdiyini iddia edir

Cəmiyyət Materials 4 Oktyabr 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Finlandiya ilə oyundan əvvəl millinin aparıcı üzvü Fabio Luis Ramimin zədələnməsini böyük itki kimi qiymətləndirib.

"Biz vəziyyəti başa düşürük. Ən yaxşı futbolçumuz olan Fabio zədə alıb və oynaya bilməz", Trend -a eksklüziv açıqlamasında Foqts deyib.

Azərbaycan yığması Finlandiya ilə 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində görüşəcək. Oyun oktyabrın 11-də, Finlandiyanın paytaxtı Helsinki şəhərindəki "Olimpiya" stadionunda keçiriləcək.

Baş məşqçinin bildirdiyinə görə, Fabio komandaya bazar ertəsi qoşulacaq və hazırlığa başlayacaq.

Braziliyadan olan Fabio Azərbaycan yığmasına bir müddət əvvəl cəlb olunub. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu yığma komandanın heyətində keçirdiyi beynəlxalq yoldaşlıq oyunlarının bir neçəsində qol vurmaqla yadda qalıb.

Azərbaycan yığmasındakı işinə ciddi yanaşmadığı ilə bağlı deyilənlərə münasibət bildirən Foqts deyib ki, bu, yalnız jurnalistlərin mənfi fikirləridir.

"Onlar yalnız Azərbaycandakı futbol barədə bilirlər və beynəlxalq futbol barədə təsəvvürləri yoxdur. Bu çox böyük fərqdir", - deyə alman məşqçi əlavə edib.

Azərbaycanlı jurnalistlər Foqtsun tez-tez Almaniyaya səfərə çıxmasından narazıdırlar. Yığma komanda Bakıda Lixtenşteyn millisi ilə heç-heçə edəndən sonra bu narazılıq daha da böyüyüb.

Azərbaycan yığması Foqtsun rəhbərliyi altında dünya çempionatının seçmə mərhələsində iki oyundan cəmi bir xal qazanıb: Uels - Azərbaycan 1:0, Azərbaycan - Lixtenşteyn 0:0.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti