Azərbaycan,Bakı, 09 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ Özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, dələduzluğla məşğul olan şəxsin məhkəməsi başlayıb.
Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Baxşeş Ərdəşir, Ağakərim Mirzəyev özlərini ittiham olunduqları cinayətdə təqsirli bilməyiblər.
Bu ilin aprelində MTN-in keçirdiyi əməliyyat tədbirləri nəticəsində, uzun müddət özünü nazirliyin yüksək vəzifəli əməkdaşı kimi qələmə verərək, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan Bakı şəhər sakini, vətəndaşlığı olmayan, əvvəllər dələduzluq və talama, habelə rüşvət vermə cinayətlərinə gorə iki dəfə məhkum olunmuş Baxşeş Ərdəşir Yusifəli oğlu yaxalanıb.
Müəyyən olunub ki, özünü MTN-in məsul əməkdaşı, polkovnik Adil Baxşəliyev kimi təqdim edən Baxşeş Ərdəşir ayrı - ayrı vətəndaşların əmlakını ələ kecirmək üşün onları müxtəlif dövlət strukturlarına işə düzəltmək adı ilə aldatmaqla məşğul olub.
Ərdəşir 2005-ci ilin yazında tanışı Ağakərim Mirzəyevin vasitəçiliyi ilə vətəndaşlar - Anar Şirinov və onun atası Sədaqət Şirinovla görüşərək, Anarı 12 min ABŞ dolları müqabilində MTN-də işə düzəltmək barədə razılaşıb.
Ərdəşir 2005-ci ilin mayında Ağakərim Mirzəyevin idarə etdiyi avtomaşında Elbrus Şirinovdan 5 min ABŞ dollarını Anar Şirinovu işə düzəltmək adı ilə aldadıb alıb, işə qəbul edildikdən sonra əlavə daha 7 min ABŞ dolları vermələri barədə onlarla razılığa gəliblər.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq (178.2.4-cü) və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələri ilə cinayət işi başlanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]