Azərbayan, Bakı, 27 oktyabr / Trend , müxbir İ.Əlizadə / Nərimanov rayon dindarlarının dini icmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov məscidin fəaliyyətinin bərpa olunması ilə bağlı məhkəmə qərarını müsbət qiymətləndirib.
"Nərimanov rayon Məhkəməsinin qərarını müsbət qiymətləndiririk. Çünki bz heç vaxt dövlətə qarşı çıxmamışıq. Əksinə, dövlətə qarşı çıxanlarla, radikal qüvvələrlə mübarizə aparmışıq", - bu barədə bazar ertəsi Trend - a Hacı Qamət Süleymanov bildirib.
Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsi bazar ertəsi Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.
Dini icma məscidin fəaliyyətinin bərpası tələbi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia qaldırmışdı.
Bu il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Süleymanov qeyd edib ki, Əbu Bəkrdə ibadət edən dindarlar məscidin bağlı qaldığı müddədə xeyli əziyyət çəkiblər.
"Biz istəmirdik ki, məsələni məhkəmə vasitəsi ilə həll edək. Amma buna məcbur olduq. Məscidin fəaliyyətinin dayandırılması və orada ibadət edilməsinə imkan verilməməsi qeyri-qanuni idi", - Süleymanov əlavə edib.
Onun sözlərinə görə, bir necə günə yenidən Əbu Bəkrdə namaza başlayacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]