Azərbaycan, Bakı, 12 noyabr/Trend Life, müxbir Eldar Hüseynzadə/ Azərbaycanın Bəstəkarlar İttifaqı Azərbaycan Həmkarlar İtttifaqları Konfederasiyası ilə birlikdə retro mahnıların "Ötən illərin mahnıları" musiqi müsabiqəsini elan edir. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Trend Life-a bildiriblər ki, festival müxtəlif təşkilatların özfəaliyyət kollektivləri arasında istedadların aşkar edilməsi üçün yaradılıb və 2008-ci ilin noyabr-dekabr aylarında keçiriləcək. Azərbaycanın Bəstəkarlar İttifaqı Həmkarlar İttifaqları Konfederasiyasına mahnıları festival çərçivəsində ifa edilməli olan bəstəkarların adlarını təqdim edib. Onların arasında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Emin Sabitoğlu, Niyazi, Tofiq Quliyev, Elza İbrahimova və digərləri var.
Münsiflərə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə başçılıq edəcək. Münsiflərin tərkibinə xalq artisti Ramiz Zöhrabov, əməkdar incəsənət xadimləri, bəstəkarlar Eldar Mansurov, Elnarə Dadaşova, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Aygün Səmədzadə, Gövhər Həsənzadə və digərləri daxil olacaq.
Festival üç turda keçiriləcək. Birinci iki tur Azərbaycanın rayonlarında keçiriləcək. Birinci yerin qalibi 400 manat, ikinci (iki nəfər) - 300, üçüncü (üç nəfər) - 200 manat pul mükafatı alacaq, həmçinin iştirakçılardan birinə xüsusi diplom və 150 manat təqdim ediləcək. Qala-konsert Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində keçiriləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]