Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın ilk və hazırda ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 90 illik yubileyi keçiriləcək. "Yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə silsilə tədbirlərin təşkili nəzərdə tutulub", - bu barədə şənbə günü keçirdiyi mətbuat konfransında BDU-nun rektoru, parlamentin deputatı Abel Məhərrəmov bildirib.
Trend -un arayışı: BDU 1919-cu ildə yaradılıb və Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Hazırda Azərbaycanın ən böyük universitetidir. BDU-da 18 min tələbə təhsil alır və 4 mindən artıq əməkdaş çalışır. Hər il universitetə 3 min - 3 min 500 tələbə qəbul edilir.
Rektor Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Azərbaycanda ali məktəb yaradılması ideyası gündəmə gələn zaman, bununla bağlı müzakirələrin bir ilə qədər vaxt apardığını qeyd edib: "Çünki universitetin yaradılması ilə bağlı fikir ayrılığı yaranmışdı. Bir qrup hesab edirdi ki, universitet dərhal yaradılmalıdır. Digərləri isə qeyd edirdilər ki, xarici ölkələrə oxumaq üçün tələbə göndərilməli və onlar qayıtdıqdan sonra milli kadrların hesabına universitet yaradılmalıdır.1919-cu il sentyabrın 1-də parlamentdə Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul olundu".
Onun fikrincə, ötən 90 ildə BDU böyük uğurlar əldə edib. Rektor vurğulayıb ki, bütün dövrlərdə Azərbaycanın ali dövlət strukturlarında təmsil olunan şəxslərin 70-80 faizi məhz BDU-nun məzunları olub: "Bu gün bizim universitetdə təhsil alan tələbə sabahın naziri, digər dövlət qulluqçusudur".Rektor yubiley münasibəti ilə 25 bakalavr, 25 magistr tələbə, 25 bakalavr və 25 magistr pilləsində dərs deyən müəllim üçün təqaüdlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Ən yaxşı 50 tələbə və ən yaxşı 50 müəllimin hər biri üçün 1000 manat məbləğində təqaüd ayrılması da planlaşdırılır". Məhərrəmov bildirib ki, universitetlə bağlı mətbuatda yazı, həmçinin televiziyalarda veriliş, film müsabiqəsi nəzərdə tutulub. Rektor müsabiqənin şərtlərinin dekabrın birinci yarısında açıqlanacağını vurğulayıb.
"Yubiley hesabatdır və bizim kifayət qədər uğurlarımız var ki, hesabat verək", - deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]