...

Bakıda dəfin olunan kimsəsizlərin 30 faizi qadındır

Cəmiyyət Materials 15 Yanvar 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S. Kazımlı / Bakıda ötən il 192  kimsəsiz dövlət tərəfindən dəfn edilib. Həmin meyitlərin dəfninə vəsait dövlət tərəfindən ayrılır, - cümə axşamı Trend -a Bakı şəhər İcra Hakimiyyəti Mənzil - Kommunal Təsərüffat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Fehruz Əsgərov məlumat verib.

2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin əməkdaşları tərəfindən 213 kimsəsiz meyit dəfn edilib.

Əsgərov bildirib ki, onlar kimsəsiz meyitləri trestə məxsus Hövsan və Qurd Qapısı qəbiristanlıqları ərazilərində dəfn edirlər. "Dövlət tərəfindən bir meyitin Qurd Qapısı qəbiristanlığında dəfn edilməsinə 117 manat 40 qəpik, Hövsan qəbiristanlığında isə, 125 manat 82 qəpik vəsait ayrılır. Qurd Qapısı ilə müqayisədə, Hövsana yol uzaq olduğundan, ayrılan vəsaitdə fərq var",- deyə Əsgərov qeyd edib.

O deyib ki, həmin vəsaitlər meyitlərin dəfn olunması üçün nəqliyyat xərclərinə, tabut hazırlanmasına və qəbirn qazılmasına sərf edilir. 

Əsgərov əlavə edib ki, ötən il dəfn olunan meyitlərin 30 faizi qadın meyitləri olub. "Bir ildə 4-5 fakt olur ki, dəfn edilən kimsəsiz şəxslərin yaxınları meyitləri qəbiristanlıqlardan çıxarıb, başqa yerlərdə dəfn edirlər. Həmin şəxslər bizə müvafiq sənədləri təqdim edəndən sonra, meyidi onlara təhvil veririk", - deyə o bildirib.

Əsgərov qeyd edib ki, meyitləri 4 saylı xəstəxanadan və Bakı şəhərindəki 9 meyitxanadan götürürlər. "Meyitxanalara meyit aparılanda orada meyiti bir müddət saxlayır, yaxınları tapılmayanda trestə müraciət edirlər. Biz də meyitləri təhvil alaraq, qeyd olunan qəbiristanlıqlarda dəfn edirik", - deyə baş mühəndis bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti