...

Azərbaycanlı oyunçular hələlik Moskvanı gəzə bilməyiblər - Azərbaycan yığmasının kapitanı

Cəmiyyət Materials 27 Mart 2009 22:17 (UTC +04:00)
Azərbaycanlı oyunçular hələlik Moskvanı gəzə bilməyiblər - Azərbaycan yığmasının kapitanı

Rusiya, Moskva, 27 mart / Trend müxbir R.Ağayev / Rusiya ilə bir qrupa düşməyi çoxdan arzulayırdıq və çox məmnunuq ki, bu şans bizə düşüb. Belə bir bəyanatla bu gün Moskvada keçirilən brifinqdə Azərbaycanın futbol üzrə yığmasının kapitanı Rəşad Sadıxov çıxış edib. Onun sözlərinə görə, futbolçular oyunu maraqlı etmək üçün əlindən gələni etməyə çalışacaqlar. "Finlandiya və Uelsə qarşı oyunlarla müqaisədə Rusiya ilə oyuna əhval-ruhiyyəmiz fərqlidir. Burada xüsusi əhval-ruhiyyəmiz var və bu əhvalı meydanda göstərmək lazımdır", - deyə Sadıxov vurğulayıb.
O qeyd edib ki, oyun zamanı psixoloji və fiziki hazırlığı nümayiş etdirmək çox böyük əhəmiyyət kəsb edir.
Sadıxovun sözlərinə görə, Azərbaycan və azərbaycanlılar ənənəvi olaraq beynəlxalq turnirlərdə Rusiya və Türkiyəyə azarkeşlik edirlər. "Ötən il Avropa birinciliyində də Rusiyaya azarkeşlik edirdik. Bu gün isə Rusiya rəqibimizdir. Biz şəxsən rusiyalı futbolçuları tanıyırıq. Odur ki, oyuna psixoloji hazırlığımız çox yaxşıdır. Biz matça ciddi hazırlaşmışıq", - deyə o vurğulayıbv.
Sadıxov hesab edir ki, Azərbaycan yığması dolu stadionda oynamağa oyrəncəlidir. "Məsələn Uelsə qarşı oyunda və s. oyunlarda dolu stadionlarda oynayırdıq. Özümüz üçün də bu maraqlıdır. Doğrudur, Azərbaycan çempionatında stadionda həmişə anşlaq olmur. Burada isə özümüzə maraqlıdır dolu Lujnikidə oynamaq. Bizə həmçinin burada yaşayan çoxsaylı azərbaycanlılar tamaşa edəcəklər. Ona görə də bir xal qoparmaqla həmvətənlərimizi sevindirmək istərdik", - deyə o bildirib.
Sadıxovun fikrincə, Rusiya yığmasının liderləri Jirkovla Akinfeyevdir. "Arşavin də yaxşı oyunçudur. Lakin mənə görə Avropada ən yaxşı müdafiəçi məhz Jirkovdur. O həm öz klubunda, həm yığmada bunu sübut edib", - deyə kapitan əlavə edib.
Bundan əlavə o qeyd edib ki, azərbaycanlı futbolçular oyundan sonra köynəklərini kiminlə dəyişəcəkləri barədə heç düşünmürlər: "Bizim üçün əsas xal qoparmaqdır, köynək dəyişmək deyil".
Azərbaycan millisinin kapitanı hesab edir ki, yığmanın qarşısında bilavasitə Arşavinlə Pavlyuçenkonun qarşısını almaq məqsədi yoxdur. Onun sözlərinə görə, başlıca vəzifə Rusiya yığmasını dayandırmaqdır.
Sadıxov həmçinin etiraf edib ki, azərbaycanlı oyunçular hələlik Moskvanı gəzə bilməyiblər. "Başa düşürük ki, bura turistlər kimi deyil, futbolçular kimi gəlmişik. Ona görə də əsas məsələ sabahkı oyundur", - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti