...

Azərbaycan və Türkiyənin ali məktəblərinin magistraturasına sənəd qəbulu başlayıb

Cəmiyyət Materials 13 Aprel 2009 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı 13 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bazar ertəsi 2009-2010-cu tədris ili üçün ölkənin və Türkiyənin ali məktəblərinin magistraturasına sənəd qəbulu elan edib.

TQDK sədri Məleykə Abbaszadənin bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirdiyinə görə, sənədlərin qəbulu internet vasitəsilə aprelin 13-dən 20-dək aparılacaq. "Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərində təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodu seçə bilər. Magistraturaya qəbul imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaq. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır", - Abbaszadə bildirib.

Abbaszadə deyib ki, seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal 75-dən, o cümlədən ixtisas üzrə topladığı bal 20-dən az olmamalıdır.

Abbaszadənin sözlərinə görə, Türkiyə universitetlərinin magistraturasında Azərbaycan vətəndaşlarının təhsil alması üçün 9 istiqamət üzrə 12 plan yeri ayrılıb. "Türkiyə ali məktəblərinin magistraturasında Azərbaycan ali məktəblərinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasından 4-dən aşağı olmayan Azərbaycan vətəndaşları qəbul oluna bilərlər. Magistr ixtisaslarına müsabiqə Azərbaycanın ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq", - TQDK sədri deyib.

Onun sözlərinə görə, magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsinin mayın 3-də, ikinci mərhələsinin isə iyunun 21-də keçirilməsi nəzərdə tutulur.   

Abbaszadə bildirib ki, gələn ildən magistraturaya qəbul imtahanının birinci mərhələsi kompüter vasitəsilə keçiriləcək. "Kompüter zalları olan ali məktəblərdə bakalavr kompüter vasitəsilə imtahan suallarını cavablandıracaq. Bu yolla bakalavrların həmçinin informatika üzrə biliklərinin praktiki tətbiqi yoxlanılmış olacaq", - TQDK sədri bildirib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti