...

Azərbaycan Ombudsmanı ANS-in əməkdaşlarına qarşı polis zorakılığı ilə bağlı daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 28 Aprel 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı ANS-in əməkdaşlarının polis zorakılığına məzruz qalması faktının araşdırılması ilə bağlı daxili işlər nazirinə müraciət edib.

Trend -un arayışı:  Aprelin 27-nə keçən gecə saat 00.00 radələrində ANS TV-nin əməkdaşları Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında "Məhəmməd Peyğəmbər məscidi" adlanan məscidin sökülməsi ilə bağlı çəkiliş apararkən zorakılığa məruz qalıb. Müxbir Nicat Süleymanov müsahibə almaq məqsədi ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Başçı və rəis məlumat verməkdən imtina ediblər.

Polis rəisi Möhübbət Hüseynov isə tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin alınması əmrini verib. Bu tələbin qeyri-qanuni olduğunu bildirərək onu yerinə yetirməkdən imtina edən ANS əməkdaşları ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə tuş gəliblər. 3 nəfərdən ibarət çəkiliş qrupuna 10 dəqiqə ərzində zor tətbiq edilikdən sonra kamera və kaset onlardan alınıb.

Polislər hətta jurnalistləri idarəyə aparacaqları ilə hədələyiblər. Çəkiliş qrupunun kamerası isə yararsız hala salınıb.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Ombudsman Elmira Süleymanova jurnalistə və KİV nümayəndəsinə qarşı təhqir, təzyiq və fiziki hücumların yolverilməz olduğunu vurğulayıb.

Ombudsman daxili işlər naziri Ramil Usubovdan baş vermiş hadisə ilə bağlı ətraflı araşdırma aparılmasını və təqsirkar şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini xahiş edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti