...

Gürcüstanda ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirilib

Cəmiyyət Materials 10 May 2009 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may / Trend , müxbir C.Babayeva /  

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirilib.

Görüş iştirakçıları ilk öncə Azərbaycandan gələn qonaqlarla birgə Tbilisi şəhərində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklillər qoyub. Sonra Dmanisi şəhərinin Heydər Əliyev adına Təhsil Mərkəzində ulu öndərin anadan olmasının 86-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açıb.

Tədbirdə "Azərbaycan-Gürcüstan" Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Milli Məclisin üzvü Nazim Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları, Dmanisi, Bolnisi, Marneuli rayonlarının İcra hakimiyyətlərinin başçıları, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə televiziya jurnalisti Şah İsmayıl Şəmmədoğlunun gürcü dilində nəşr edilmiş "Heydər Əliyev və Gürcüstan" kitabının təqdimatı keçirilib. Çıxış edənlər Heydər Əliyev şəxsiyyətinin həyat və yaradıcılığından geniş söhbət açıb, onun Azərbaycan xalqının həyatındakı tarixi rolundan, gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindən, eləcə də Cənubi Qafqazda irimiqyaslı iqtisadi layihələrin bünövrəsinin qoyulmasından bugünkü və gələcək nəslin bəhrələnməsində əvəzsiz rolundan danışılıb.

Sonra Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində tədbir davam edib. Tədbirdə Milli Məclisin üzvləri Qənirə Paşayeva, Nazim Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov və "Gilan-Holdinq" şirkətinin rəsmisi Elçin Əzizov çıxış edib.

Tədbirdə "Gilan Holdinq" şirkəti tərəfindən Mədəniyyət Mərkəzinin müraciətinə əsasən Gürcüstanın ali məktəblərində təhsil alan 100 nəfər azərbaycanlı tələbəyə 60 dollar həcmində təqaüd və hədiyyələr verilib.

Bu yardımın bir il müddətində davam edəcəyi bildirilib. Tədbirdə çıxış edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı Azərbaycan dövlətinin gənclərimizə göstərdiyi qayğıdan söhbət açıb, onları daha da yaxşı təhsil almağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti