Azərbaycan, Bakı, 25 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sığorta olunanlar və pensiyaçıların maarifləndirilməsi üçün yeni çap məhsulları hazırlanıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev bazar ertəsi Trend -a bildirib ki, maarifləndirici bukletlərin dərcində başlıca məqsəd ictimaiyyətin əmək pensiyası, məcburi dövlət sosial sığorta haqları və fərdi uçotla bağlı daha da ətraflı məlumatlandırmaqdır. Əhaliyə pulsuz paylanacaq bukletlər 5 adda - "Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və pensiya təminatı)", "Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və fərdi uçot)", "Pensiyaçılar üçün bankomat təlimatı", "Mərkəzi Çağrı Sistemi:190", "Sosial sığorta haqlarının vaxtında ödənilməsi gələcəyinizin təminatıdır" çap olunub.
"Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və pensiya təminatı)" bukletində vətəndaşların əmək pensiyası ilə bağlı hüquqları öz əksini tapıb. Burada güzəştli şərtlərlə əmək pensiyası hüququnun kimlərə şamil olunması, kimlərin bu huquqdan yararlana bilməsi, əmək pensiyasının təyinatı üçün hara müraciət olunması, pensiya təyinatı üçün hansı sənədlərin təqdim edilməsi və bu kimi digər zəruri məlumatlar yer alıb.
"Pensiyaçılar üçün bankomat təlimatı" bukletində isə bankomatlardan istifadə qaydaları, bir sözlə, bankomatın xidmətlərindən istifadə zamanı hər bir şəxsin üzləşə biləcəyi məsələlərlə bağlı izahatlar verilib.
"Mərkəzi Çağrı Sistemi: 190" bukletində də bu xidmətdən istifadə formaları yer alıb. Bukletdə vətəndaşların respublikanın hər bir regionundan, habelə mobil telefonlardan "190" telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı hansı suallara cavab tapmaq imkanında olduqları barədə lazımi bilgilər cəmlənib.
"Sosial sığorta haqlarının vaxtında ödənilməsi gələcəyinizin təminatıdır", "Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və fərdi uçot)" məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sosial sığorta haqlarının gələcək pensiya təminatında nə kimi rola malik olması, fərdi uçot sisteminin məqsədləri və başqa bu kimi məlumatlar toplanıb.
Bukletlər ümumilikdə, hazırda işləyən və gələcəkdə pensiyaya çıxacaq şəxslərin maarifləndirilməsinə yönəlib və artıq qeyd olunan bukletlərin Fondun yerli şöbələri vasitəsi ilə sığorta olunan və pensiyaçılar arasında yayımlanmasına başlanılmışdır. Bundan başqa, paralel olaraq əhalinin maarifləndirilməsi üçün audio və video çarxların yayımlanması işi həyata keçirilməkdədir.
Azərbaycan Prezidentinin 30 dekabr 2008-ci il tarixli "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin görülməsini əks etdirən xüsusi bənd yer alıb. Proqrama əsasən, sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə davamlı olaraq müvafiq tədbirlər görülməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]