Azərbaycan, Bakı, 25 may / Trend , müxbir S.Babayeva /
İlkin diaqnoza əsasən, Saatlı rayonunun Naxarlı kəndində yaşayan bir ailənin beş üzvünün xəstəlik simptomları A/H1N1 virusuna dəlalət etmir. Bu barədə bazar ertəsi Respublika taun əleyhinə stansiyanın rəis müavini Şair Qurbanov deyib.
"Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətləri qənaətbəxşdir. Qızdırmaları düşüb və tədricən özlərinə gəlirlər. Xəstəxanada onlara enterokolit (nazik və yoğun bağırsaq iltihabı) diaqnozu qoyulub", - Qurbanov qeyd edib.
Onun sözlərinə əsasən, 77 yaşlı Alquşad Qasımov, 72 yaşlı Bilkə Qasımova, 52 yaşlı Akif Qasımov və onun həyat yoldaşı Pəri Qasımovada ürəkbulanma və qızdırma müşahidə edilib. Ailənin digər üzvü Şahin Qasımov isə epilepsiyadan dünyasını dəyişib.
Qurbanov deyib ki, profilaktika məqsədi ilə xəstələrdən analiz üçün nümunələr götürülüb və nəticələr iki sutka ərzində məlum olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]